«Konkret addımlar islahatlar yolu ilə atılacaq. Bütün tərəfdaşlarımızla yol xəritəsi üzərində çalışırıq. 2014-cü il boyunca islahatlar həyata keçirməyə, bu ili islahat ili etməyə çalışacağıq. Bundan əlavə, Avropa İttifaqının da konkret addımlar atması lazımdır. Ümid edirik ki, bu il Avropa İttifaqına üzvlük danışıqlarının bütün fəsilləri açılacaq. May ayındakı Avropa Parlamenti seçkilərindən sonra da yeni addımlar atılacaq və bu günədək irəli sürülən pozitiv təşəbbüslər də davam etdiriləcək», - deyə o bildirib.
«Krım tatarlarının gələcəyi baxımından Türkiyənin Ukrayna və Rusiya arasında daha çox vasitəçilik etməsi lazımdırmı?» sualına nazir Çavuşoğlu belə cavab verib:
«Krım tatarlarının gələcəyi baxımından Türkiyənin vasitəçilik etməsi lazımdır və labüddür. Həm Ukrayna, həm də Rusiya ilə daha çox təmasda olmalıyıq və oluruq da. Bu mövzuda Avropa İttifaqı siyasətinin bu günədək effektiv olmadığını, uğursuz olduğunu görürük. Özləri də bunu qəbul edirlər. Afinada iştirak etdiyim xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə bu məsələ gündəliyə çıxarıldı və Türkiyənin üzərinə düşən rolun böyüklüyü bir neçə dəfə vurğulandı. Bundan əlavə, bu gün keçirdiyim görüşlərdə də bu haqda danışdıq. Biz Türkiyə olaraq Krım tatarlarının, tatar qardaşlarımızın hüquqlarının qorunması və onlara əlavə hüquqların verilməsi məsələsinə hər zaman həssaslıqla yanaşmışıq və yaxından izləmişik. Bu yöndə təmaslarımız da, diplomatik çalışmalarımız da davam etdirilməkdədir».