Məşhur deyimdə söyləndiyi kimi, «Ən son gülən, yaxşı gülər» fikrinə inansaq, Avromaydanın sonunda hələlik gülən tərəf Putindir. Çünki prosesi Qərb başladı, amma yekunda Moskva Xruşşovun vaxtilə Ukraynaya hədiyyə etdiyi Krımı ilhaq edib, özünə birləşdirməyi bacardı.
Hər nə qədər Kremlə qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq olunacağı, Rusiya iqtisadiyyatının tədricən çökəcəyi, Amerikadakı rus oliqarxların pullarına embarqo qoyulacağı söylənsə də, nəticə etibarı ilə Putin hələ də irəliyə addım atmaqdadır.
Siyasi şərhçilərə görə, Ukrayna tamamilə parçalana bilər. Növbədə isə Dnestryanı ərazilərdir. Kəsəsi, Ağ Evin qara adamı Obama Kremlin hökmdarı Putinlə kəllə-kəlləyə gəlmək istəmir, ara yerdə də Ukrayna əraziləri separatizmin qurbanı olur. Hətta Avromaydanda aylarla kükrəyən Vitali Kliçkonun də səs-sorağı gəlmir, sanki Krımdakı referendum, bu ərazilərin ilhaqı qətiyyən onları maraqlandırmır, yetər ki, seçkilərdə iştirak etsinlər.
ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland isə Ukraynanın şərq bölgələrində Rusiya tərəfdarlarının nümayişlərinin regionun şəhərlərində hökumət binalarının 24 saat ərzində ələ keçirilməsi üçün əvvəlcədən məqsədli şəkildə planlaşdırıldığına dair əsaslı dəlillər olduğunu deyib. V.Nuland Ukrayna hadisələrinin həyəcan siqnalı olduğunu deyərək, təcavüzkar aksiyalara cəzalandırılmadan yol verildiyi halda, bunun azad dünyanın bölüşdüyü dəyərləri təhlükə altına aldığını bildirib.
Aprelin 9-da isə Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Rusiyanın Ukraynanın Krım regionunu anneksiya etməsini pisləyən qətnamə qəbul edib. AŞ PA Krımın Rusiyaya birləşməsi ilə bağlı keçirdiyi referendumun Ukrayna Konstitusiyasını pozduğunu bəyan edib. Rusiya nümayəndə heyəti qətnaməni qərəzli və Avropa Şurası tarixində ikili standartların nümayişinin ən bariz nümunəsi adlandırıb.
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, bu iddialarda həqiqət payı var. Onun sözlərinə görə, Ukraynadakı vəziyyət 2-ci Dünya müharibəsində Münhen sazişinin analogiyasıdır. Politoloq bildirir ki, həmin dövrdə Çexoslovakiyanın xəbəri olmadan Mühnen sazişi imzalayıb Südet vilayətini Almaniyaya verdilər:
«Bununla işğalçıların iştahasının azalacağına ümid olunurdu. Bu gün Krımın Rusiyaya birləşdirilməsi də oxşar hadisədir. Qərb bu ilhaqı pislədi, rus oliqarxlara viza verilməyəcəyini, banklardakı hesabına embarqo qoyulacağını açıqladı. Onların Avropaya getməsinə ehtiyacı yoxdur, heç banklarda pulları da qalmayıb, bəlkə də çəkib götürüblər. İkinci tərəfdən, Krım ilhaq ediləndə Ukrayna özü əraziləri uğrunda müqavimət göstərmədi, hərbi qüvvələrini geriyə çəkdi. Əgər Ukrayna öz əraziləri uğrunda döyüşmürsə, Qərb nə edə bilər? Fakt budur ki, Ukraynanın tamamilə parçalanması və xəritədən silinmək təhlükəsi var».
Ekspert Putinin Nazirlər Kabinetində etdiyi çıxışdan bir sitatı yada saldı: «Putin dedi ki, Qərb Ukraynanın indiki hakimiyyətinin legitimliyini tanıyıb, vədlər, dəstək bəyanatları verir, amma bir avro da yardım etməyib. Putinin siyasətini təqdir etməsəm də, haqlı tezisdir.
Ukraynaya iqtisadi cəhətdən dəstək yoxdur. Artıq Krım arxa plana keçib, tarix unudulub, növbədə Ukraynanın şərq ərazilərinin parçalanması təhlükəsidir. Qərbin Rusiyanı zəiflədilməsi üçün planları ola bilər. Amma bu planlar işləyənə qədər artıq Gürcüstan, Krım işğal olundu, növbədə Ukraynanın şərq torpaqlarıdır».
Şahinoğlu Ukraynanın niyə Krım uğrunda mübarizə aparmadığını belə şərh etdi: «Siyasi və diplomatik səviyyədə ola bilsin ki, mübarizə aparılır. Ancaq fiziki müqavimət olmadı. Görünür Ukrayna daxilində ictimai rəy belədir ki, Krım onların əraziləri deyil, bu torpaqları özlərinki saymırlar. Amma biz Qarabağda savaşdıq, itkilər verdik, şəhidlərimiz oldu. Ukraynada isə vəziyyət dramatikləşir və ölkənin xəritədən silinməsi prosesi cərəyan edir».
Analitik Ukraynanın sabiq prezidenti Viktor Yanukoviça qismən bəraət qazandırdı: «Yanukoviç iqtidarda olanda Avropa Birliyi ilə danışıqlara başladı, 15 milyard borc istədi. Qərb isə onun istədiyini verməyəndə dərhal Putin çıxdı və bu pulu verdi, saziş imzalandı. Yanukoviç seçim qarşısında qaldı və məcburən bu addımı atdı. Azərbaycana da Qərbdən real dəstək yoxdur. Barrozo deyir ki, Azərbaycan Rusiyanın təzyiqlərinə tab gətirsə, alternativ enerji mənbəyinə çevrilə bilər. Bizə real dəstək verməkdən, Türkmənistanla barışdırmaqdansa belə naşı danışır. Bu cür siyasət Qərb ölkələrinə uğur gətirmir. Putin də vəziyyətdən istifadə edir, görür ki, qərbdəkilər boşboğaz danışır. Artıq Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerikaya ultimatum verib ki, Ukrayna federallaşmalıdır».