Nurçulara qarşı Türkiyədə başlanan əməliyyatın Azərbaycana uzanacağı haqqında «Yeni Müsavat»ın aylar öncə irəli sürdüyü təxminlər baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakı səfərindən sonra təsdiqini tapmaqdadır. Türkiyədə «nurçu əməliyyatı» başlayan kimi Azərbaycana da illərlə ölkədə işləyən came üzvləri ilə bağlı kompromatlar gəlməkdədir.
Redaksiyaya göndərilən məktubda iddia olunur ki, «Camaat»ın Naxçıvanda əsas məqsədi hakimiyyətdə təmsil olunaraq, açar mövqelərə yiyələnmək və iqtisadi projeləri uğurla həyata keçirmək olub: ««Camaat» öz məktəblərində yetişdirdikləri naxçıvanlıları muxtar respublikanın bir neçə nazirliyində yerləşdirməyə nail olub. Rəhbərlik bu işin icrasını birbaşa içəridə «Naxçıvan imamı» adlandırılan Süleyman Okumuşa tapşırmışdı. Okumuş «Camaat»a qoşulan naxçıvanlıları muxtar respublikanın dövlət idarələrinə yerləşdirmək üçün bir çox cəhdlər göstərib. Öz adamlarını bir sıra nazirliklərə yerləşdirə bilsələr də, «Camaat» açar vəzifələri asanlıqla əldə etmədi. Yalnız 2004-cü ildə Naxçıvanın maliyyə nazirinin müavini Xalid İsgəndərovu Süleyman Okumuşun böyük səyi ilə maliyyə naziri kürsüsünə əyləşdirmək mümkün oldu».
Məktub müəllifinin iddialarına görə, Xalid İsgəndərovun nazirliyi dönəmində Naxçıvandakı bir sıra iri layihələri nurçu cameəyə məxsus Türkiyə şirkətləri gerçəkləşdirib: «Təbii, bu layihələri almaq üçün «Camaat» iri məbləğlərdə rüşvət də ödəyirdi. Ancaq qazanılan məbləğ təbii rüşvətdən qat-qat artıq olurdu. Naxçıvanda ən iri layihələri həyata keçirən qurum «Camaat»a bağlı «Çoban Qrup» şirkəti idi. Ərzurumda ətriyyatçılıq məqsədilə yaradılan qrup Naxçıvanda tibb müəssisələrinin yaradılması, hətta təbii qaz xəttinin çəkilməsi kimi iri layihələr üzrə tenderləri «qazandı». Aydın idi ki, bu məsələdə Xalid İsgəndərov və «Naxçıvan imamı» Süleyman Okumuşun böyük dəstəyi var. Bu dəstəyin qarşılığı olaraq «Çoban Qrup»un başçısı Şakir Çoban bütün muxtar respublika rəhbərliyinin payını artıqlaması ilə və vaxtında çatdırırdı. 2011-ci ildə Naxçıvan-Sədərək, Naxçıvan-Şahbuz təbii qaz xəttinin çəkilişini bu «ətriyyatçı» şirkət həyata keçirib. Layihənin toplam dəyəri 50 milyon dollar idi. Özü də bu layihənin həyata keçirilməsi zamanı Azərbaycanın bütün qanunları çeynənir, hətta vəsait Şakir Çobana nağd olaraq verilirdi. Nağd ödəmə bütün ortaqların maraqlarına uyğun idi - həmin vəsait vergidən tamamilə yayındırılırdı. Azərbaycanın dövlət büdcəsinə vergi olaraq daxil olmalı olan pullar isə «Camaat»ın kassalarına axıdılırdı».
Yazı müəllifinin iddialarına görə, təkcə 2011-2012-ci illərdə Şakir Çoban həmyerlisi Fətullah Gülənin xaricdəki hesablarına 1 milyon dollar ödəyib. Məktubda Naxçıvandan nağd pulun Azərbaycan-Türkiyə sərhədindən necə keçirilməsi ilə bağlı məqam da var: «Bu işi Süleyman Okumuş şəxsən həyata keçirirdi. O, pulları xidməti maşınında Dilucu sərhəd qapısına gətirir, qəzetçi vəsiqəsindən yararlanaraq sərhəd yoxlamasından yayınaraq Türkiyəyə keçirdi. İğdıra daxil olan kimi özünə çatacaq pulları götürür, qalanını isə Şakir Çobanın bank hesabına yatırırdı. Bu işdə Okumuşa Şakir Çobanın işçiləri də yardım edirdi. Maraqlıdır ki, 17 dekabr Böyük Rüşvət əməliyyatı zamanı gömrük məntəqəsinin rəhbərli həbs edilsə də, bu məsələ gündəmə gəlmədi».
Maliyyə naziri Xalid İsgəndərovun isə «Camaat»a xidmət qarşısında xeyli üstünlükləri olduğu bildirilir: «Maliyyə naziri kürsüsündə oturan Xalid İsgəndərov vasitəçiliyi ilə gerçəkləşən projelərdən faiz almaqla yanaşı, «Camaat»ın Türkiyədəki imkanlarından geniş istifadə edirdi. O, ildə bir neçə dəfə öz komandası ilə Türkiyənin turistik bölgələrində nazirlərə yaraşan şəkildə istirahət edirdi».
Məktubda yazılır ki, 2012-ci ildə «Camaat»ın Naxçıvan məktəblərində rüşvət skandalı yaranmışdı. Ancaq sonradan korrupsiya faktları ört-basdır edildi: «2012-ci ilin iyun-iyul aylarında Naxçıvan Təhsil Nazirliyi «Camaat» məktəblərində yoxlamalara başlamışdı. Yoxlamadan sonra iri maliyyə maxinasiyalarına görə, bir neçə məktəbin bağlanması qərara alınmışdı. Bu zaman işə «Camaat» rəhbərliyi qarışdı, Türkiyədən Naxçıvana nümayəndələr gəldi, sonda məsələ «sülh» yolu ilə çözüldü. 2012-ci ilin sonlarından «Naxçıvan imamı» artıq Naxçıvanda az-az görünməyə başlamışdı. O, zamanının çoxunu Türkiyədə keçirirdi. Böyük ehtimalla həmin zamanlar artıq 2013-cü il 17 dekabr əməliyyatına hazırlıqlar başlamış və Süleyman Okumuşa bu əməliyyatda xüsusi missiya tapşırılmışdı. Onun Sədərək gömrük-keçid məntəqəsinin sədri Mirməhəmməd Seyidovun həbsindən xəbərdar olduğu, hətta bu məsələyə yardım etməsi ilə bağlı şübhələr də var. Çox güman bu yolla Süleyman Okumuş 2012-ci ildə Naxçıvan rəhbərliyinin «Camaat» məktəblərində korrupsiya aşkarlayaraq yüksək məbləğdə «cərimə» ödənməsinin öcünü alırdı».
Məktub müəllifi iddia edir ki, Naxçıvanın rəsmi strukturlarında xeyli sayda nurçu var və onlar «Camaat»a yardımlarını davam etdirirlər.
Bir daha bildiririk ki, məqalədə səslənən iddialar «Yeni Müsavat»ın elektron poçtuna Türkiyə üzərindən göndərildiyi ehtimal olunan məktubda yer alıb. Məqalədə adıçəkilən şəxslərin fikrini dərc etməyə hazırıq.