Vaxt.Az

RMİ AMEA-nı boykot edir


 

Ölkənin aparıcı riyaziyyat institutu elmi mübahisədən niyə çəkilib?

RMİ AMEA-nı boykot edir Xeyli müddətdir ki, riyaziyyatçılar arasında Azərbaycanlı alim, Türkiyənin İğdır Universitetinin professoru Kamal Soltanovun əldə etdiyi nəticə önəmli bir elmi hadisə olaraq müzakirə predmetinə çevrilib.

Professor Kamal Soltanov riyaziyyat sahəsində uzun illər həllini gözləyən bir problem, Navier-Stokes tənlikləri ilə bağlı yenilik əldə etdiyini açıqlayıb. Hansı ki bu tənliklər hidrodinamikanın əsas riyazi modeli hesab olunur.

Professor əldə etdiyi elmi nəticələri bir neçə elmi jurnallarda da dərc etdirib.

Ötən gün diqqətimi cəlb etdi ki, AMEA rəhbərliyi də bu elmi tədqiqatı önəmli bir elmi hadisə kimi dəyərləndirərək alimə dəstək verib və onun elmi nəticəsinin Azərbaycan elmi üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Lakin diqqətçəkən məqam odur ki, ölkə riyaziyyatçılarının əsas elmi qurumu, böyük ənənəsi olan, hazırda da sayılıb-seçilən riyaziyyatçıların cəmləşdiyi Elm və Təhsil Nazirliyinin (ETN) Riyaziyyat və Mexanika İnstitutu (RMİ) bu tədbirdə gözə dəymirdi.

Görünən odur ki, qurum bu məsələdə tam susqunluq nümayiş etdirir – indiyədək adı çəkilən riyazi yeniliklə bağlı onların nə təsdiq, nə də təkzib açıqlaması olmayıb.

Düşünürəm ki, bu doğru bir yanaşma deyil. Elm obyektiv sübutlar və açıq diskussiyalar üzərində qurulmalıdır.

Ölkənin riyaziyyat üzrə iki böyük elmi qurumunun, RMİ-nin və BDU-nin Tətbiqi Riyaziyyat İnstitutunun indiyədək buna münasibət bildirməməsi çox düşündürücüdür.

Azərbaycan alimləri dünya miqyasında elmi məsələlərin həllinə çox az hallarda iddia edirlər.

İndi bir alimimiz ortaya iddia qoyub, uzun illər apardığı elmi fəaliyyət üzrə elmi nəticə əldə etdiyini bildirib, nəhəng bir riyazi-elmi problem həll etdiyini açıqlayıb. Bu ciddi bir hadisədir.

Elmin populyarlaşması üçün, alimlərimizin böyük elmi iddialara təşviq edilməsi üçün bu hadisənin, elmi nailiyyətlərin Azərbaycan cəmiyyətinə tanıdılması vacibdir .

Əgər bir elmi iddia doğrudursa, onu müstəqil alimlər təsdiqləməlidir, müzakirələr açılmalıdır, əgər yanlışdırsa, bu, elmi arqumentlərlə sübut olunmalıdır.

RMİ-nin nə elmi əsaslandırılmış tənqid, nə də dəstək göstərmədən sadəcə susqun qalması, üstəlik, AMEA-nın bu mövzuya həsr etdiyi tədbiri boykot etməsi suallar yaradır. Bu, kənardan elmi müzakirədən yayınmaq, mövqesiz qalmaq kimi görünür. Halbuki, bunu edə biləcək riyaziyyatçılar qurumda var. Fikrimcə belə mühüm məsələlərdə rəsmi elmi qurumların aydın və şəffaf mövqe bildirməsi vacibdir.

Bu cür susqunluq və qeyri-müəyyənlik Azərbaycanda oturuşmuş ənənələri olan, zəngin tarixə malik olan Azərbaycan riyaziyyat elminin nüfuzuna və inkişafına da mane ola bilər.

Elm təkcə elmi iddialardan ibarət deyil axı, həm də bu iddialara verilən obyektiv cavablardan ibarətdir.

 





05.03.2025    çap et  çap et