Vaxt.Az

«Onu özüm məşqə buraxmıram»


 

«Arıq oğlandı da, bir az ağrısı var...»

«Onu özüm məşqə buraxmıram» Son 5 oyunda meydanı qalib başa vuran «Neftçi» növbəti çətin sınaq qarşısındadır. Futbolinfo.az xəbər verir ki, flaqman son həftələrdə inamlı təsir bağışlayan «İnter»in qonağı olacaq.

29 turdan sonra aktivinə 51 xal yazmağı bacaran «bankirlər» qalib gələcəyi təqdirdə «Neftçi» ilə xallarını bərabərləşdirmiş olacaq. «Neftçi» matçdan xal və xallarla ayrılsa, bu, Böyükağa Hacıyevin komandası üçün növbəti həftədə baş tutacaq kubok oyununda  əlavə motivasiya olacaq.

Saytımıza açıqlama verən «Neftçi»nin baş məşqçisi öncə «İnter»lə oyun öncəsi hazırlıqdan danışıb: «İnter»lə matçda çox məsuliyyətli oynayacağıq. Demək olar ki, komanda oyuna hazırdı. Bu gün axırıncı məşqimizi edəcəyik. Karlos Kardosonu çıxmaq şərti ilə yəqin ki, «İnter»lə oyunda tam heyətlə mübarizə aparacağıq».

Hacıyev açıqlamasında «Neftçi»nin əsas heyət üzlərindən biri olan braziliyalı yarımmüdafiəçi Flavinyonun da sabahkı derbidə oynayıb-oynamayacağına aydınlıq gətirib: «Flavinyonu məşqə özüm buraxmıram. Bir az ağrısı var. Digər futbolçulara nisbətən, Flavinyonun fiziologiyasında tez bir zamanda dəyişiklik olmur. Arıq oğlandı da. Bunda kökəlmə prosesi getmir. Ona görə də dünən ona tapşırdım, fərdi məşq etsin. Özüm istədim ki, topla işləməyi bir qədər saxlasın. Çünki istəmirəm ki, onda olan ağrılar özünü biruzə versin. Həkimlər onun durumu ilə bağlı mənə bu gün məruzə edəcəklər. Özünü yaxşı hiss etsə, sabahkı oyunda iştirak edəcək».

Flaqmanın çalışdırıcısı daha sonra «İnter»lə oyunu idarə edəcək Orxan Məmmədovun təyinatı barədə danışmaqla yanaşı, 4 gün sonra «Rəvan»la keçiriləcək ölkə kubokunun yarımfinal matçına da toxunub: «Mənim üçün «İnter»lə oyunun da, «Rəvan»la kubok matçının da böyük əhəmiyyəti var. Bizdə oyunçu qorumaq söhbəti yoxdu. «İnter»lə oynadığımız heyəti «Rəvan» qarşısına da çıxaracam. Bildiyiniz kimi, Mahir Şükürov, Saşa Stamenkoviç də kubok oyunlarında iştirak etmir. Tutduğu yerdən, ad-sanından asılı olmayaraq, zəif rəqib yoxdu. Bütün komandalar «Neftçi»yə qarşı yüksək motivasiya ilə oynayırlar. Biz kimik ki, hakimləri mühakimə edək? Azərbaycanda yetərincə hakim var. Hakimlərə təyinatı verən Xəqani Məmmədov yəqin ki, onlara güvənir. Fikrimcə, bizim oyuna təyinat alan Orxan Məmmədov layiqincə hakimlik edəcək və heç bir komandaya qarşı səhv etməyəcək».

 





11.04.2014    çap et  çap et