İtaliya polisi Çindən idxal edilən malların 70 milyon avroluq vergidən yayınma sxemini aşkar edib. Əməliyyatda ifşa olunan cinayətkar təşkilatın gömrük rüsumlarından və ƏDV-dən yayınmaq üçün geyim və aksesuar sektorunda saxta şirkətlər qurduğu açıqlanıb.
Avropa Baş Prokurorluğunun (EPPO) Romada həyata keçirdiyi “Əjdaha” kod adlı istintaq əməliyyatında geyim, ayaqqabı, çanta və müxtəlif aksessuarlar kimi məhsulların idxalında vergi saxtakarlığının olduğu müəyyən edilib.
***
AFP-nin xəbərinə görə, polisin verdiyi açıqlamada, Roma və Florensiya polisinin “4-ü İtalyan, 13-ü Çin əsilli olan 17 şübhəlini” hədəf alaraq 71,05 milyon avro dəyərində aktivləri dondurmağa qərar verdiyini bildirib.
EPPO, şübhəlilərin “geyim, ayaqqabı, çanta və müxtəlif aksesuarlar kimi malların idxalı ilə bağlı çoxsaylı vergi cinayətləri törətmiş təşkilatda üzv olduqları üçün istintaq altında olduqlarını” açıqladı.
***
Müstəntiqlər iddia ediblər ki, Çinli sahibkarlardan ibarət cinayətkar təşkilat gömrük rüsumlarından və ƏDV-dən yayınmaq üçün Florensiya, Prato və Roma əyalətlərində fəaliyyət göstərən 29 şirkətdən ibarət şəbəkə yaradıb.
İddiaya görə, Çin malları Bolqarıstan, Macarıstan və Yunanıstanda gömrükdən keçdikdən sonra İtaliyadakı logistika mərkəzlərinə aparılıb.
EPPO qeyd edib ki, bu vəsaitlər daha sonra “mövcud olmayan əməliyyatlar üçün fakturalarla müşayiət olunan uydurma operatorlar arasında” dəfələrlə köçürülüb. “Aşkar edilməməsi üçün sözügedən şirkətlər fırıldaqçılıq sxeminin davam etməsini təmin etmək üçün yeniləri ilə əvəz edilməzdən əvvəl cəmi iki il mövcud olub”, – deyib.