Qeyd edək ki, hazırda 35 bankın bazardakı payı 95 faizə yaxındır. Yerdə 8 bank qalır ki, onların bazardakı payı 5 faizdir. Ümumilikdə, tələbə cavab verməyən maliyyə təşkilatlarının sayı 12-13-dür ki, onların əksəriyyəti bir il ərzində normaya əməl edəckəlri sual doğurur. Mərkəzi Bankın mütəxəssisləri kommersiya banklarına vəziyyətdən çıxış üçün ya birləşməyə, ya da bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərməyə tövsiyyə etsələr də, bununla bağlı hər hansı bir irəliləyiş sezilmir. Əvəzində məmur-oliqarxlar tərəfindən güclü təzyiqlər Mərkəzi Bankı, verdiyi qərarı daha bir il uzatmağa məcbur qaldı.
Mərkəzi Banka «güc» göstərən bu bankların bəzilərinin kimlərə məxsus olması ilə bağlı araşdırma apardıq.
Məsələn, «Əmrahbank»ın ötən il məcmu kapitalı 30,2 milyon manat olub. Bu təşkilatın saytında yer alan məlumata görə, əsas payçıları Beynəlxalq İnvestisiya Bankı (49 faiz) və fiziki şəxslərdir (51 faiz).
Saytda qeyd edilir ki, Beynəlxalq İnvestisiya Bankı B.S.C. («BİB») İslam İnvestisiya Bankı kimi 200 milyon ABŞ dolları nizamnamə kapitalı ilə 2003-cü ilin oktyabrında Bəhreyndə təsis edilib. Bankın səhmdarları tanınmış imkanlı şəxslər, kommersiya firmaları və Körfəz Əməkdaşlıq Şurasına daxil olan dövlətlərin qurumlarıdır.
Bankın əsas biznes fəaliyyətinə öz hesabına investisiya qoyulması, daşınmaz əmlaka və xüsusi kapitala İslam şəriətinə uyğun olaraq sərmayə qoyuluşu, pul yerləşdirilməsi və anderraytinq daxildir.
Beynəlxalq İnvestisiya Bankının əsas təsisçiləri arasında Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində yerləşən Al Fahim qrupu və Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən Buqşan Qrup var. BİB-nın sədri Səyid Əbdul Cəlil Əl Fəhim və sədr müavini isə Əhmed Salem Buqşandır.
Digər payçıları - fiziki şəxslərin isə adları göstərilməyib. Yalnız onu qeyd edək ki, bankın Müşahidə Şurasının sədri Yunis İldırımzadə həm də «Əmrahbank»ın təsisçisi olduğu vurğulanır. Belə aydın olur ki, adıçəkilən maliyyə təşkilatının səhmdarları sırasında İldırımzadələrin önəmli yeri var. Yunis İldırımzadə tanınmış jurnalist, yazıçı Əli İldırımoğlunun övladıdır. Onun qardaşının biri -Yusif İldırımzadə Xətai rayonunun prokurorudur və daxili işlər naziri Ramil Usubovun yaxın qohumudur. Digər qardaşı Rasim İldırımzadə isə Hava Nəqliyyatında Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışır. Bu şəxsin adı bir müddət əvvəl Fransada mühacirət həyatı yaşayan ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videolarda hallanırdı.
Ölkənin ən kiçik banklarından biri də «Bank Avrasiya»yadır. Bu kommersiya qurumunun ötən ilə dair məcmu kapitalı 20,6 milyon manatdan çox olub. Bankın saytında yer alan məlumata görə, «Evro Standard» MMC 37.5 faiz, «Tayning Global Ink» MMC 37.5 faiz, «Azbizneskom» MMC 25 faiz payla maliyyə təşkilatına sahibdirlər. Adıçəkilən bu şirkətlərin nə saytı var, nə də iqtisadiyyatın hansı sahəsi ilə məşğul olmaları haqda məlumatı verilir. İdarə Heyətinin sədri Fuad Aslanov «Bank Standart» QSB-dən ora gətirilib. F.Aslanov burada baş xəzinədar vəzifəsindən departament direktoru vəzifələrinə qədər yüksəlib. «Bank Standard»da çalışdığı müddət ərzində İdarə Heyətinin üzvü seçilib. 2007-ci ildə oradan «Bank Avrasiya» ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. «Bank Avrasiya»nın səhmdarları sırasında «Evro Standart» MMC-nin olması artıq bu bankın kimlərə məxsusluğu barədə müəyyən işarələr verir. Bu bankın yaradılmasında məqsəd əhaliyə xidmət göstərməkdən çox, adıçəkilən üç şirkətin (səhmdarın) kassa rolunu həyata keçirməkdir.
Qeyd edək ki, Fuad Aslanov Azərbaycan Respublikasının Qiymətli Kağızlar uzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanovun qardaşıdır.
Cəmi 28 milyon manat məcmu kapitala malik olan «DekaBank» isə hazırda Prezident Administrasiyasında çalışan və prezidentin sabiq köməkçisi Tariyel Ağayevə məxsusdur. «DekaBank»ın 30,4 faiz səhmi Ağayev Rəfail İsa oğluna, 9,99 faizi Ağayeva Surraya Tariyel qızına, 9,99 faizi Əli-zadə Vəfa Tariyel qızına, 19,61 faizi Vəliyev Niyazi Şaiq oğluna, 9,99 faizi Ağazadə Lalə Tariyel qızına, 9,99 faizi Əhmədov Rahil Vaqif oğluna, 9,99 faizi Hüseynov Azər Yunus oğluna məxsusdur. Orada ikinci ən böyük səhmdar Niyazi Vəliyevin T.Ağayevin baldızı oğlu olduğunu nəzərə alsaq, bankın sırf bir ailə bankı olduğunu deyə bilərik. («Bizim Yol»)