Reuters xəbər verir ki, adının açıqlanmasını istəməyən Meksika hökumət rəsmisi deyib: “Avropa, Hindistan və Asiyada Meksika xam neftinə böyük tələbat var. Onlar ağır xam neft istəyirlər”.
Potensial çinli alıcıların ilk danışıqlarda Pemex xam neftinə “böyük maraq göstərdiklərini” deyən rəsmi, tələbin neft daşınmalarının gedişatını müəyyən edəcəyini bildirib.
“Çin, Hindistan, Cənubi Koreya və hətta Yaponiya, daha yüksək nəqliyyat xərclərinə baxmayaraq, Pemex nefti üçün uyğun bazarlar təmin edəcək”, – Pemex-in ticarət qolu “PMI Comercio Internacional”dakı iki mənbə bildirib.
Vaşinqtonun vergi qərarından sonra Pemex-in xam neft qiymətlərini aşağı salmağı düşünə biləcəyi də gündəmdə idi. Bununla belə, hökumət rəsmisinin “belə bir güzəşti qəti şəkildə rədd etdiyi” bildirilir.
Onun sözlərinə görə, ABŞ müştəriləri ilə mövcud müqavilələr bu ay başa çatdıqdan sonra neft daşıyıcıları çox güman ki, Asiya və Avropaya yönləndiriləcək. Mənbə əlavə edib ki, ABŞ-dakı alıcılar hələ ki, müqavilələrin ləğvi məsələsini qaldırmayıblar.
Meksika əsas neft istehsalçısıdır, lakin əksəriyyəti Meksika körfəzində olan ölkənin köhnə neft yataqlarından hasilat son 10 ilin minimum səviyyəsinə düşüb. Buna görə də Meksika xam neft ixrac edərkən, əsasən ABŞ-dan benzin və dizel idxal etməli oldu.
Analitiklər qeyd edirlər ki, neft kəşfiyyatı və hasilat fəaliyyətlərinə əhəmiyyətli investisiyalar qoyulmasa, Meksika gələcəkdə xam neft idxal etməli ola bilər.
ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlar azad ticarətə arxalanan Kanada və Meksikanı çətin vəziyyətə salıb.
“The Wall Street Journal” təhlili Meksikanın ümumi daxili məhsulunun (ÜDM) 3 faizini itirə biləcəyini proqnozlaşdırırdı.
Meksika prezidenti Klaudia Şeynbaum vergi qərarına reaksiya verərək, təcrübənin davam edəcəyi təqdirdə başqa ortaqlıqların axtarılacağını bildirib.