Bu proqramla Azərbaycan arasında əməkdaşlıq razılaşmasının müddəti ötən ilin oktyabrında bitib və hakimiyyət əməkdaşlığı uzatmayacağını bildirib. Hələ ki, rəsmi Bakı bununla bağlı açıqlama vermir. Eyni zamanda Amerikadan yeni könüllüləri də qəbul etməkdən imtina edir.
«Sülh korpusu»nun rəhbərliyi və ABŞ-ın Bakıdakı səfirliyi son bir neçə ayda bu məsələ ilə bağlı Azərbaycan hökuməti ilə intensiv təmaslarda olublar. Lakin heç bir müsbət nəticə əldə edilməyib.
«Sülh korpusu» proqramı Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərir və bu proqram çərçivəsində 500-dən çox amerikalı könüllü Azərbaycanda olub. Könüllülər əsasən kənd yerlərində məskunlaşıb və ingilis dili öyrədib. Hazırda Azərbaycanda «Sülh korpusu»nun 108 könüllüsü var. Bundan əvvəl Türkmənistan, Qazaxıstan və Özbəkistan da «Sülh korpusu» könüllülərini ölkədən çıxarıb.
ABŞ səfirliyinin mətbuat xidməti isə Azadlıq radiosunun sorğusuna cavabında bildirib ki, Azərbaycanın Gənclər və İdman Nazirliyi «Sülh korpusu» ilə ötən ilin noyabrda bitən Anlaşma Memorandumunu yeniləməmək qərarına gəlib. Bu da Azərbaycanda Gənclərin İnkişafı Proqramını sona çatdırıb. Aprelin 1-də Azərbaycanın Təhsil Nazirliyi «Sülh korpusu»nu xəbərdar edib ki, İngilis Dilinin Xarici Dil kimi Öyrədilməsi Proqramının (TEFL) icrasını dəyərləndirmək üçün onu hələlik dayandırır. Bu qərar aprelin 5-də Azərbaycana gəlməyi planlaşdıran 36 könüllünün planlarını pozub.
Səfirlik bu proqramların statusu barədə əlavə şərhi Azərbaycan hökumətindən almağı məsləhət görür. Bütün bunlardan sonra «Sülh korpusu» bu yaz ölkəyə gəlməyi planlaşdıran 55 könüllünün dərslərini təxirə salıb. Məlumata görə, «Sülh korpusu» və Azərbaycan hökuməti korpusun bu ölkədə proqramlarını yenidən qiymətləndirmək üçün birlikdə işləyəcək. Təhsil Nazirliyi «Sülh korpusu»nu əmin edib ki, ölkədə hazırda çalışan könüllülər planlaşdırılan səfərləri boyu Azərbaycanda qala biləcəklər.
Politoloq Hikmət Hacızadə isə hesab edir ki, «Sülh Korpusu»nun Azərbaycanda fəaliyyətinin dayandırılması təsadüfi deyil. O, mətbuata açıqlamasında bildirib ki, burada məqsəd Azərbaycanı xarici təsirlərdən, demokratiyadan, tərəqqidən təcrid etməkdir: «Hakimiyyət çalışır ki, Azərbaycana demokratik islahatlar, tərəqqi gəlməsin. Ona görə bəzən bu cür qərarlar qəbul edir. Əlbəttə ki, qəbul olunan qərar ABŞ-ın böyük narazılığına səbəb olacaq. Nəticədə Azərbaycan anti-Qərb, diktator ölkəsi kimi görünəcək. Bunun ağır fəsadları isə Qarabağ danışıqlarında üzə çıxa bilər. Bununla biz ermənilərin əlinə əlavə arqument vermiş olacağıq. Onlar bəyan edəcəklər ki, görürsünüz, onlar tərəqqiyə qarşı çıxırlar. Biz onlarla necə birgə yaşaya bilərik?»
Politoloq Ərəstun Oruclu isə «Yeni Müsavat»a bildirib ki, baş verənlər Azərbaycan hakimiyyətinin konkret mövqeyi olduğunu göstərir: «Hakimiyyətin daxilində böyük bir beşinci kolonu var. Bu kolon Azərbaycanı Rusiyanın təsir dairəsinə qaytarmaq üçün ilk növbədə Qərb institutlarını sistemli şəkildə sıradan çıxarır, münasibətləri korlayır, müxtəlif ittihamlar, bəyanatlar səslənir. 2003-cü ildən bu yana mərhələli şəkildə Qərblə əlaqələri zəiflətmək, kəsmək siyasəti həyata keçirilir. Bu siyasətin də təsiri özünü bütün sahələrdə göstərir».
Qeyd edək ki, «Sülh Korpusu» proqramı 1961-ci ildə ABŞ hökuməti tərəfindən təsis olunub. O vaxtdan ABŞ-dan olan 210 mindən artıq könüllü dünyanın 139 ölkəsində proqramda iştirak edib.