Vaxt.Az

Qoy bütün qadınlar ...


 

Həmişə yumşaq və ətirli olmağa borclu deyilik

Qoy bütün qadınlar ... Bunu hər il yazacam.

Sizsiz bir günümüz olmasın kimi təbriklər məni bezdirib. Çünki, bir-birimizə bütün hallarda lazımıq. İkimizdən birinin olmaması texniki olaraq işləri qəlizləşdirir. Siz gülsünüz-çiçəksiniz ifadəsini də illərdi müzakirə edirik. Ağac (metafordu) daha cəzbedici gəlir.

Çünki, həmişə yumşaq və ətirli olmağa borclu deyilik. Güclü olmaq kimi bir öhdəliyimiz də yoxdur. Arada solub, saralıb, yenidən yaşıllaşa da bilərik. Məsələn, mən və mənim kimi minlərlə insan arada zəif, gücsüz, halsız olmaq istəyir. Davamlı şəkildə uğur qazanmaq da istəmir. Hər gün baxımlı və gözəl görünmək məcburiyyətini də yüklənmək istəmir. Enerjili və “pozitiv” olmaq kimi saxtalığa da baş qoşmaq istəmir bəzən. Mən başqa şeylərə fokuslanmaq istəyirəm. Mən məhz qız olduğuma görə doğulmamış ölmək istəmirəm. Qız olduğum üçün hələ balaca yaşlarımdan cəmiyyətdə mövcud olmaq üçün yalan danışmağa, süni davranmağa məcbur olmaq istəmirəm.

Özüm olduğum üçün davamlı şəkildə ətraf, ailə, çevrə, kollektiv, qohum-əqrəba, sevgili mobbinqinə məruz qalıb, korreksiya edilmək istəmirəm.

Qısası qoy bu cəmiyyətdə qızlar ən azı tam orta təhsillərini başa vura bilsinlər, ali təhsil isə hər istəyənə müyəssər olsun. Qoy bütün qadınlar istədikləri işdə çalışa bilsinlər, sosial tabular onları məşğulluq imkanlarından məhrum etməsin. Qoy qadınlar istədiklərini geyinib, istədikləri yerə gedə bilsinlər. Qoy onların davranışının yeganə meyarı öz vicdanları və inancları olsun, kimə və ya hansısa stereotiplərə görə davranışlarını korreksiya etmək zərurəti ilə üzləşməsinlər. Qoy nikahlar yetkin, bərabər şəxsiyyətlərin ittifaqına çevrilsin, iqtisadi, sosial və ya psixoloji köləlik məkanlarına yox. Qoy əmək kollektivlərində qadınlar eyni işə görə eyni maaşa və vəzifədə irəli çəkilmək imkanlarına sahib olsunlar. Qoy rifah, fürsətlər, ictimai xidmətlər hamıya eyni dərəcədə əlçatan olsun!

 





08.03.2025    çap et  çap et