Bu nəhəng yol-nəqliyyat infrastrukturu layihəsi üzrə tenderə
üç şirkət qatılmışdı. Onlardan biri ərəb əsilli milyarder Ziyad Manasirin
«Stroyqazkonsaltinq» şirkəti, digəri prezident Vladimir Putinin dostu və Rusiya
neftinin beynəlxalq bazarlarda ticarətini təşkil edən nəhəng «Gunvor»
şirkətinin prezidenti Gennadi Timçenkoya bağlı şirkət, üçüncüsü isə «Crocus
Group» idi.
Məlum olub ki, Ağalarovun şirkəti bu layihəni 53,3 milyard
rubla (təxminən 1,8 milyard dollar) həyata keçirməyə hazır olduğunu tender
komissiyasına bildirib. Ziyad Manasirin şirkəti layihə üçün 55,86 milyard,
Timçenkonun şirkəti isə 57 milyard rubl istəyib. Belə olan halda tender
komissiyasının məhz «Crocus Group»a üstünlük verməsi qaçılmazdır.
Tenderi Moskva meriyasının «Avtodor» şirkəti elan etmişdi.
Söhbət uzunluğu 49.5 kilometr olan M-4 «Don» trasının və 11 kilometrlik A-107
trasının çəkilməsindən gedir. Layihənin qiyməti 52,4 milyard rubl həcmində
dəyərləndirilmişdi və şərtə görə, bu vəsaitin 6,8 milyard rublunu podratçı
şirkət investisiya şəklində özü yatırmalı idi. İnvestor qoyulmuş vəsaiti yolun
istismarından əldə edilmiş vəsaitlər hesabına geri alacaq. Tenderin qalibinin
rəsmən aprelin 30-da elan edilməsi planlaşdırılır.
Ağalarovun şirkəti tender komissiyasına təqdim etdiyi
təklifə əsasən şirkət dövlət büdcəsindən layihəni həyata keçirmək üçün ən aşağı
məbləğ - 47,2 milyard rubl ( təqribən 1,5 milyard dollar) istəyir. Qalan 6,1
milyard rublu isə öz hesabına yatıracaq. Tender komissiyasının «Crocus Group»a
üstünlük verəcəyinə şübhə yoxdur.
Beləliklə, Ağalarovun şirkəti bu il ərzində artıq ikinci dəfədir ki, Rusiya büdcəsindən maliyyələşən layihəni udur. Ötən həftə «Crocus Group» futbol üzrə 2018-ci il dünya çempionatı ilə bağlı Rostovda və Krasnodarda iki stadionun tikintisi layihəsini də almışdı. İki layihənin ümumi dəyəri 28 milyard rubldur. (anspress.com)