İddia edirlər ki, “Absurd teatr” Qərbdə yaranıb. Bu janrda pyeslər yazan Semuel Bekket, Luiji Pirandello, Harold Pinter, Dario Foya Ədəbiyyat üzrə Nobel mükafatı verildi. Yejen İenesko isə “Absurd teatr”ın simvoluna çevrildi. Yəqin ki, böyük Mirzə Cəlilin “Dəli yığıncağı” və “Ölülər” pyesi Qərb tetr tənqidçilərinə tanış deyil. Düşüncəmə görə “Absurd teatr”ın banisi Mirzə Cəlildir.
Hamlet Xanızadənin adı çəkiləndə göz önünə İblis, Topal Teymur gəlir. Fuad Poladov kimi Şekspirin Hamletini, yaxud Ağa Məhəmməd Qacarı oynamaq mümkün olacaqmı?
Azərbaycan opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti (1932), Azərbaycan peşəkar musiqi teatrının banilərindən biri Hüseynqulu Sarabskini də xatırlamaq yerinə düşər.
Henrix Heynenin “Əlmənsur” pyesində ərəb səyyahının rolunda çıxış edərkən oxuduğu təsiredici “Hicaz” muğamı onun Azərbaycan mədəniyyətinin yeni bir aləminə — musiqili-teatra, operaya gətirmişdir. Bu tamaşa zamanı Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan “Leyli və Məcnun” üzərində işləyən Üzeyir Hacıbəyovun diqqətini cəlb etdi. Üzeyir Hacıbəyov məlahətli səsə malik, muğamlara bələd olan aktyor kimi də təbii və canlı Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola — Məcnun roluna dəvət etdi. Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və şöhrət gətirdi. Bu rol bəlkə də aktyorluq sənətinə hələ də “oyunbazlıq” kimi baxanların teatra münasibətini kökündən dəyişdirən təkan nöqtəsi oldu. Aktyorun özünün yazdığı kimi “vaxtı ilə onu barmaqla göstərən, ona tənə ilə baxanlar indi onu Məcnun deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar”. Səhnədə yaşadığı 30 ildən artıq bir müddətdə o 400 dəfə bu rolu oynamış, Azərbaycan səhnəsinin təkrarolunmaz Məcnunu kimi ad qoymuşdur.