Vaxt.Az

Ravinlərdən Trampa müraciət


 

Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir

Ravinlərdən Trampa müraciət ABŞ-dan 50-dən çox ravvin Donald Trampa müraciət edərək “İbrahim sazişləri”nin genişləndirilməsini və bu prosesə türk dövlətlərinin (ilk növbədə Azərbaycan, Qazaxıstan və Özbəkistanın) daxil edilməsini istəyib.

İkinci müraciət isə Azərbaycana qarşı 907-ci düzəlişin ləğv olunmasının vacibliyinə aiddir. Bildirilir ki, ABŞ-ın digər yəhudi təşkilatları, o cümlədən ultra-ortodoks təşkilatlar da Amerika liderinə bu tip müraciətlər etməyi planlaşdırır.

“İbrahim sazişləri” İsrail ilə ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasına dair 2020-2021-ci illərdə imzalanmış bir sıra razılaşmalardır. Bu ad, həm yəhudilik, həm xristianlıq, həm də islam ənənələrində eyni dərəcədə hörmət edilən İbrahim peyğəmbərə (Avraama) istinad edir.

ABŞ-ın vasitəçiliyi ilə 13 avqust 2020-ci ildə İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri arasında razılaşma əldə edildiyi elan olundu. Daha sonra, həmin ilin 11 sentyabrında İsrail ilə Bəhreyn arasında razılaşma elan edildi və 15 sentyabr 2020-ci ildə ABŞ-ın Ağ Evində rəsmi imzalanma mərasimi keçirildi. Bu hadisədən sonra BƏƏ və Bəhreyn İsrailin suverenliyini tanıdı və tam diplomatik əlaqələr qurdu.

2020-ci ilin dekabrında Mərakeş, 2021-ci ilin yanvarında isə Sudan “İbrahim sazişləri”nə qoşularaq İsraillə münasibətləri normallaşdıran altıncı ərəb dövləti oldu (İordaniya və Misir də nəzərdə tutulur).

1992-ci ildə ABŞ-da keçmiş sovet respublikalarına iqtisadi dəstək məqsədilə qəbul edilən “Azadlığa dəstək aktı”na 907-ci düzəliş əlavə edilib. Bu düzəliş Azərbaycan hökumətinə yardım göstərilməsini qadağan edirdi.

2001-ci ildə, 11 sentyabr hadisələrindən sonra, ABŞ-ın o zamankı prezidenti Corc Buşun administrasiyası təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığın vacibliyini əsas gətirərək bu düzəlişin müvəqqəti dayandırılmasına nail oldu.

Lakin 2023-cü ilin noyabrında Azərbaycan Qarabağ üzərində nəzarətini bərpa etdikdən sonra ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen düzəlişin dayandırılmasının uzadılmayacağını bəyan etdi. Bu qərar Bakının kəskin tənqidi ilə qarşılandı. Azərbaycan bunu qeyri-dost addım kimi qiymətləndirərək, keçmişdə ABŞ-a verdiyi dəstəyə işarə etdi və Vaşinqtonu ikili standartlarda ittiham etdi.

 





11.03.2025    çap et  çap et