Fond bazarında kotirovkaların enişi güclənib – martın 10-da, bazar ertəsi keçirilən ticarət sessiyasının yekunlarına görə, əsas indekslər son bir neçə ayın minimumlarını yeniləyib. Analitiklər və KİV-lər bunun əsas səbəblərindən biri kimi ABŞ prezidenti Donald Tramp administrasiyasının siyasətini göstərirlər.
“S&P 500” – ABŞ birjalarında ticarət olunan 503 ən iri şirkətin səhmlərini birləşdirən indeks, fevralın 19-dan etibarən enişə başlayıb. O vaxtdan bəri indeks 8 faizdən çox dəyər itirib. Pul ifadəsində bu, təxminən 4 trilyon dollar təşkil edir.
“Reuters”in məlumatına görə, NASDAQ birjasında ticarət olunan 2500-dən çox şirkətin səhmlərindən ibarət olan “Nasdaq Composite” indeksi eyni dövr ərzində təxminən 13 faiz azalıb. Sənaye indeksi “Dow Jones Industrial Average” isə təxminən 6 faiz itirib.
Analitiklər enişin səbəbləri arasında Trampın beynəlxalq ticarətə tariflər tətbiq etmə siyasətini, həmçinin ABŞ texnologiya şirkətlərinin Çin şirkətləri ilə artan rəqabətini göstəriblər. Bu narahatlıqlar yanvarın sonunda “DeepSeek” çat-botunun işə salınmasından sonra daha da güclənib. “Bloomberg” agentliyi isə səbəblər sırasında ABŞ-da inflyasiyanı və Federal Ehtiyat Sisteminin faiz dərəcələrində dəyişikliklərə dair qeyri-müəyyənliyi qeyd edir.