İnvestisiyaların günbəgün artdığı Çində süni intellekt sektorunda 4500-dən çox şirkət var. Bu il paytaxt Pekində məktəblərdə ibtidai və orta məktəb şagirdləri üçün süni intellekt kurslarına start veriləcək. Bundan əlavə, universitetlər süni intellektə diqqət yetirən şöbələrə daha çox tələbə qəbul etməyə başlayıblar.
BBC yazır ki, bu sektorda irəliləyişlər Çin Kommunist Partiyasının (ÇKP) 2017-ci ildə süni intellektin ölkənin inkişafının itələyici qüvvəsi olacağını bəyan etməsi ilə başlayıb.
ABŞ yanvar ayında Çinə yarımkeçirici çiplərin ixracına məhdudiyyətləri artırdıqdan sonra Pekin də 60 milyard yuan (təxminən 14,05 milyard manat) dəyərində süni intellekt fondu yaratdığını açıqlayıb.
BBC, Çin mühəndisləri tərəfindən hazırlanmış süni intellektlə işləyən chatbotun DeepSeek-in ABŞ sanksiyalarına müqavimət göstərərək Pekinə rəqabət üstünlüyü verdiyinə diqqət çəkir.
ABŞ-lı şirkətlərlə rəqabət aparan modelləri daha ucuz qiymətə hazırlayıb satdığını iddia edən DeepSeek, Nvidia-dan Microsoft-a qədər texnologiya nəhənglərinin yüz milyardlarla dollar dəyər itirməsinə səbəb olub. Proqram Pentaqona da həyəcan təbili çalmışdı.
“DeepSeek”, “Unitree Robotics”, “Deep Robotics”, “BrainCo”, “Game Science” və “Manycore Tech” daxil olmaqla altı yerli süni intellekt şirkəti də Çinin “altı əjdahası” adlanır.
Çinin süni intellekt və mühəndislik sahəsində uğurlarının sirlərindən biri də onun gənc əhalisidir. 2020-ci ildə ölkədə elm, texnologiya, mühəndislik və riyaziyyat fakültələrini 3,5 milyondan çox tələbə bitirib. Təhlildə qeyd olunur ki, bu rəqəm dünyanın istənilən ölkəsindən yüksəkdir.
Digər tərəfdən, süni intellektə sərmayələr ABŞ prezidenti Donald Trampın Çindən idxal olunan mallara tarifləri ilə başlayan “ticarət müharibəsi”ndə Pekinə üstünlük də verə bilər.
Tramp, ABŞ-a daxil olan fentanillə mübarizə apara bilmədiklərini iddia edərək, bu ay Çinə tarifləri 10 faizdən 20 faizə qaldırdı.
Çinin qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXK) 14-cü dövrünün üçüncü plenarı bu gün yekun iclası ilə tamamlanıb. “Bloomberg”, prezident Si Cinping, Baş nazir Li Ciang və ÇKP-nin yüksək səviyyəli şəxslərinin qatıldığı konqresdə texnologiya sərmayələrinin ön plana çıxdığına diqqət çəkir.
Bir həftə davam edən konqresdə texnologiya sahəsində 1 trilyon yuanlıq (234 milyard manat) fondun yaradılması qərara alınıb. Çin Qiymətli Kağızları Tənzimləmə Komissiyasının direktoru Vu Çinq iclasdakı çıxışında, “Bu görüş demək olar ki, texnologiya mövzulu görüşə çevrilir. Texnologiya indi burada daha mühüm rol oynayır”, – deyib.