Yüksək vəzifəli mənbələrdən birinin sözlərinə görə, Rusiya atəşkəs şərtlərini müzakirə etməli və müəyyən zəmanətlər almalıdır.
“Putinin hazırkı vəziyyətdə çətin ki, buna razılaşsın. Onun mövqeyi güclüdür, çünki Rusiya hücuma keçir”, – deyə mənbə bildirib.
Digər yüksək vəzifəli Rusiya mənbəsi bildirib ki, Moskvanın baxışına görə atəşkəs təklifi bir tələ kimi görünür və Putinin “hər hansı konkret zəmanət və ya vəd olmadan müharibəni dayandırması çətin olacaq”.
Üçüncü mənbə isə qeyd edib ki, vəziyyət elədir ki, atəşkəslə yanaşı ABŞ-ın Ukraynaya hərbi yardımı bərpa etmək və kəşfiyyat məlumatlarının mübadiləsini davam etdirmək qərarı da var.
Öz növbəsində Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya tərəfinin Ukraynada 30 günlük atəşkəs təklifinə reaksiyası ilə bağlı “öncədən nəticə çıxarmamağa” çağırıb.
“Siz bir qədər irəli gedirsiniz. Biz bunu etmək istəmirik. Dünən mətbuatla söhbətində dövlət katibi Mark Rubio və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Volts bildirdilər ki, müxtəlif kanallar vasitəsilə Ciddədə baş tutan danışıqların mahiyyəti barədə bizə ətraflı məlumat təqdim edəcəklər”, – deyə Peskov bildirib: “Əvvəlcə biz bu məlumatı almalıyıq”.
Xatırladaq ki, martın 11-də Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ arasında danışıqlar baş tutub. Danışıqlardan sonra Vaşinqtonun 30 günlük müvəqqəti atəşkəs təklif etdiyi və Kiyevin buna razılıq verdiyi bildirilib.
Tərəflərin birgə bəyanatına əsasən, Ukrayna “Rusiya Federasiyası tərəfindən qəbul olunacağı və eyni zamanda icra ediləcəyi təqdirdə” 30 günlük müvəqqəti atəşkəs rejiminin dərhal tətbiq edilməsi təklifini qəbul etməyə hazırdır.
Bu fonda ABŞ Ukraynaya təhlükəsizlik sahəsində yardımı bərpa etmək və kəşfiyyat məlumatlarının mübadiləsindəki fasiləni ləğv etmək qərarına gəlib.