Belə görünürdü ki, Türkiyəni növbəti 4 ildə də siyasi sabitlik gözləyir. Lakin heç də belə olmadı. Problemlər elə hakim partiyanın daxilindən başladı. 1961-ci il Konstitusiyası ilə keçmiş DP iqtidarının nümayəndələrinin, o cümlədən Cəlal Bayarın siyasi fəaliyyətinə qoyulmuş məhdudiyyətlərin ləğvi istiqamətində Dəmirəlin hərəkətsizliyindən narazı qalan bir çox ədalətçilər, o cümlədən 41 millət vəkili ƏP-dan istefa verdilər. Onlardan bir qismi Cəlal Bayarın mənəvi nüfuzu altında olan Demokratik Partiyanı yaratdılar, daha mühafizəkar kəsim isə Nəcməddin Ərbakanın Milli Nizam Partiyasına qoşuldular. Amma ƏP yenə də parlamentdə çoxluğu qorudu (450 yerdən 232).
Türkiyədə ictimai-siyasi vəziyyət də get-gedə gərginləşdi, sağ-sol toqquşmaları vüsət aldı. Atışmalar, girov götürmələr, banklara hücumlar gündəlik hala çevrildi. Əmək qanunvericiliyində edilən dəyişikliklər Türkiyə tarixinin ən böyük etiraz nümayişlərindən olan 15-16 haziran (iyun) olaylarına səbəb oldu. İqtisadi vəziyyət də ürəkaçan deyildi, 1970-ci ilin avqustunda türk lirəsi 66 faizlik devalvasiyaya uğradı.
Xarici siyasətdə də hər şey qaydasında sayılmazdı. Türkiyə-ABŞ münasibətlərində soyuqluq var idi. Əvəzində Türkiyə-SSRİ münasibətlərində yaxınlaşma müşahidə olunur – baş nazir S.Dəmirəl 1967-ci ildə, xarici işlər naziri İhsan Çağlayangil 1968-ci ildə və prezident Cevdət Sunay 1969-cu ildə Moskvaya səfər etdi. Daxildə artan solçu təmayüllərlə paralel bu yaxınlaşma generalitet tərəfindən heç də xoş qarşılanmırdı.
Belə olan halda hərbçilər vəziyyətə müdaxilə etdilər. Baş Qərargah rəisi Memduh Tağmaçla yanaşı Quru qoşunlar, Hava qüvvələri və Hərbi donanma komandanlarının imzaladığı memorandum (türkcə: muhtira) 1971-ci il martın 12-də prezident Sunaya təqdim edildi. Sənəddə Türkiyənin üzləşdiyi problemlər sadalanır və çıxış yolu kimi partiyalarüstü, texnokrat bir hökumətin yaradılması istənilirdi. Əks təqdirdə ordu hakimiyyəti bilavasitə üzərinə götürəcəyi ilə təhdid edirdi.
Dəmirəl hərbçilərin hakimiyyətə tam yiyələnməməsi, heç olmasa, Məclisin fəaliyyət göstərməkdə davam etməsi üçün istefa verməyə razı oldu. CHP-dən millət vəkili olan Nihat Erim partiyasından ayrılaraq bitərəf kimi islahatlar hökumətini qurdu. Lakin nə texnokrat, nə də 1974-cü ilin payızından yenidən formalaşan siyasi hökumətlər Türkiyənin problemlərini həll edə bilmədilər. Siyasi qeyri-sabitlik davam edirdi. 1971-1980-ci illərdə Türkiyədə 11 hökumət iş başında oldu. Bir tərəfdə solçuların, digər tərəfdə isə millətçi və islamçıların olduğu toqquşmalar daha da çoxaldı.
Siyasi-iqtisadi böhran 1980-ci il sentyabrın 12-də baş verəcək növbəti çevrilişə apardı.