Rusiya, Çin və İran tədricən üçtərəfli ittifaq formalaşdırmağa başlayıblar. Təsadüfi deyil ki, Pekindəki müzakirələrlə paralel olaraq bu 3 ölkə İran sahilləri yaxınlığında birgə hərbi dəniz təlimlərini də davam etdirirlər. Bu 3 ölkəni yaxınlaşmağa məcbur edən əsas səbəb ABŞ-ın xarici və təhlükəsizlik siyasətidir. Donald Tramp Rusiyanı Ukrayna ilə atəşkəsə məcbur etmək istəyir. Rusiya Prezidenti Vladimir Putin qərar verməkdə çətinlik çəkir. Onun Trampa “yox” deməsi iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirəcək. Donald Tramp Çin məhsullarına rüsumları artırıb ki, bu ABŞ-Çin münasibətlərində əlavə gərginlik yaradıb. Doğrudur, Tramp Çin lideri Si Cinpinlə iyun ayında görüşməyi planlaşdırır, ancaq Ağ Ev sahibi çətin ki, rüsum siyasətindən imtina etsin. Trampın üçüncü hədəfi İrandır. Ağ Ev sahibi İranın ali dini lideri Əli Xamaneiyə göndərdiyi məktubda nüvə mövzusuyla bağlı danışıqlara başlamağı təklif edib. Xamaneyi danışıqlar təklifini rədd edib. Bu o deməkdir ki, Vaşinqtonun İrana yönəlik siyasəti sərtləşəcək.
Beləliklə, 3 ölkə – Rusiya, Çin və İran Vaşinqtonun təzyiqi ilə üzləşiblər. Bu səbəbdən Moskva, Pekin və Tehran öz aralarında dialoqu və koordinasiyanı genişləndirməyə qərar veriblər. Bu 3 ölkə hesab edir ki, bir-birləri ilə koordinasiyalı şəkildə hərəkət etsələr, Trampın üçlü ittifaqa qarşı mübarizəsinin gücünü azalda biləcəklər. Rusiya, Çin və İranın birgə fəaliyyətlərinin digər məqsədi çoxqütblü dünyanın formalaşmasını sürətləndirməkdir. BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı Rusiya, Çin və İrana buna görə lazımdır. ABŞ-la yanaşı Avrasiya qitəsinin bir çox ölkəsi də Rusiya-Çin-İran üçlü ittifaqının formalaşmasından məmnun deyillər.