1. Fernandu Santuş əsas milliyə 20-21 yaşlı 3 gənc oyunçu dəvət etdi. Birinci liqadan Şahin Şahniyarov (“Qəbələ”), Premyer Liqadan Xəyal Əliyev (“Sabah”) və Ağadadaş Salyanski (“Neftçi”). Onlar bu ay Haiti və Belarusla yoxlama matçlarına dəvət edilib. Sırf hazırlıq xarakteri daşıdığından bu üç futbolçunun oynadılması yaxşı olar. Əks halda dəvət sadəcə, dekorasiyaya bənzəyəcək.
2. “Sabah” klubu elan etdi ki, U-11, U-12 və U-13 komandalarının üzvləri üçün ingilis dili kursları təşkil edəcək. Bununla bağlı artıq müvafiq təhsil müəssisəsi ilə müqavilə də imzalanıb.
Azərbaycanlı futbolçuların indidən dil biliyini zənginləşdirməyə başlaması onların gələcək karyerasına, bütövlükdə dünya görüşünə müsbət təsir edə biləcək bir faktdır. Bu yaxınlarda “Sabah” klubunun bazasında kitabxana da yaradılıb.
Yəni həyat “İnstagram”da, “Tik-tok”da yüngül, aşağı səviyyəli paylaşımları izləməkdən ibarət deyil.
Səhv etmirəmsə, bunlar Azərbaycan futbolu üçün bir ilkdir. Odur ki, müsbət nələrsə olanda, onu dilə gətirmək, heç olmasa, səbəbkarlara quru “sağ ol” deməkdən çəkinmək də lazım deyil.
“Sabah” klubu akademiyaya diqqəti ilə yaxşı mənada seçilir. Ola bilər, müəyyən problemlər onlarda da var. Amma bu, digər bir çox klubun dırnaqarası “akademiyalarında” müşahidə olunan xaos, dərəbəylik səviyyəsində deyil.
Heyf ki, bu klubun əsas komandasının nəticələri hələ də güclü maliyyə dəstəyinə, onun ümidverici adına uyğun deyil. Gələcəkdə bu problemi aradan qaldırmaqsa həm də yaxşı məşqçi seçimindən keçir və o, məşqçiləri xarici diyarlarda axtarmağa gərək yoxdur…