Vaxt.Az

Quantanamo planı baş tutmadı


 

Yumurtadan yun qırxan Trampın 16 milyon dolları puç oldu

Quantanamo planı baş tutmadı Quantanamoda saxlanılan bütün miqrantlar ABŞ qaytarılıb. Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, Kubadakı həbsxanasında saxlanılan 40 immiqrant çərşənbə axşamı Luiziana ştatına köçürülüb.

“The Washington Post” xəbər verir ki, bu şəxslər İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən idarə olunan müəssisədə saxlanılır.

İki həftə əvvəl Quantanamodan olan 48 immiqrant Daxili Təhlükəsizlik Departamentinin göstərişi ilə həbs düşərgəsinə köçürülmüşdü.

Nazirlik miqrantların Quantanamodan ABŞ-a niyə gətirildiyini izah etməyib.

ABŞ prezidenti Donald Tramp yanvarın 29-da verdiyi bəyanatda sənədsiz immiqrantların saxlanması üçün Quantanamoda 30 min nəfərlik müəssisənin hazırlanması barədə göstəriş vermişdi.

“The New York Times” qəzetinin məlumatına görə, həmin tarixdən indiyədək 27 ölkədən 250-dən çox mühacir Quantanamoya göndərilmişdi.

Tramp administrasiyası həmçinin fevralın 20-də Quantanamodan 177 venesuelalı immiqrantı deportasiya etmişdi.

Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin nümayəndələri keçən həftə Quantanamodakı bazaya baş çəkiblər. Müəssisəyə baş çəkən Demokratik Nümayəndə Sara Cakobs, "Burada 30,000 insanı saxlamaq üçün real plan yoxdur”, – demişdi.

Quantanamo düşərgəsində miqrantlar üçün də çadırlar qurulmuşdu. Trampın miqrantların saxlanması üçün nəhəng bir müəssisəyə çevirmək layihəsinin 16 milyon dollara başa gəldiyi bildirilir.

ABŞ hökuməti 11 sentyabr 2001-ci il hücumlarına görə məsuliyyət daşıyanları həbs etmək üçün Kubadakı Quantanamo hərbi dəniz bazasından istifadə edir. 2002-ci ildə ABŞ-ın o zamankı prezidenti Corc Buşun əmri ilə yaradılan düşərgədə “düşmən döyüşçüləri” hesab edilən insanlar yerləşir. ABŞ-ın keçmiş prezidentləri Barak Obama və Co Bayden həbsxananın bağlanmasını tələb etsə də, tələblər Konqres tərəfindən qəbul edilməyib.

 





13.03.2025    çap et  çap et