Tədbiri BMM-nin redaktoru Validə Kazımova açıq elan edərək qonaqları BMM rəhbərliyi adından salamladı. BMM-nin elmi nəzəri layihələrinin əhəmiyyətindən söz açdı. “Dəyirmi masa”nın iştirakçıları Xalq artisti Vamiq Məmmədəliyev, Əməkdar incəsənət xadimi Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Fikrət Əmirov adına Beynəlxalq Assosiasiyanın həmtəsisçisi, musiqiçi Sevil Əmirova, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini Təranə Zeynalova və Azərbaycan Milli Konservatoriyasının müəllimi, tarzən Kamal Nuriyev çıxışlarında orta əsrlərdən bu günə kimi Azərbaycan muğamının keçdiyi yola nəzər salaraq Məşədi Cəmil Əmirovu bu yolun başlanğıcında duran musiqi xadimlərindən biri kimi xarakterizə etdilər.
Vurğulandı ki, Məşədi Cəmil Əmirov 1875-ci ildə Şuşada anadan olub. O, musiqimizə dünya şöhrəti gətirən bəstəkarlardan biri olan Fikrət Əmirovun atasıdır. İlk təhsilini mədrəsədə alıb, kiçik yaşlarından musiqiyə maraq göstərib. Tarzən kimi yetişməklə yanaşı, həm də xanəndə, bəstəkar olaraq tanınıb. Məşədi Cəmil Əmirov qarmon, kamança və fortepianoda məharətlə ifa etməyi bacarıb. O, 1910-cu ildə bir qrup musiqiçi ilə birlikdə Latviyanın Riqa şəhərinə dəvət olunub, “Qrammofon” firması xanəndənin ifasında bir sıra muğamı və xalq mahnısını lentə alıb. Getdikcə populyarlaşan ifaçı Qarabağ bölgəsi ilə bərabər, Gəncə, Şəki, Şirvan və digər yerlərdə məclislərə dəvət olunur, sonra Gəncəyə köçür. Sənətkar Gəncədə yerli ifaçıları cəlb etməklə Şərq musiqisi konsertləri verir, Üzeyir Hacıbəylinin əsərlərinin tamaşalarında Məcnun, Zeyd, Kərəm, Rza bəy və digər obrazları məharətlə canlandırır, teatr tamaşaları üçün yaradılmış orkestrə dirijorluq edir. M.C.Əmirov 1915-ci ildə isə “Seyfəl-mülk” operasını yazır. Həmin opera 1916-cı ildə Sidqi Ruhullanın quruluşunda əvvəl Tiflisdə, sonra isə İrəvanda göstərilir. 1916-cı ildə M.C.Əmirov gənc xanəndə Bülbüllə birlikdə Tiflis və İrəvanda konsertlər verir.
1911-ci ildə musiqi təhsili almaq məqsədilə İstanbula yollanan M.C.Əmirov orada iki il ərzində Şərq və Avropa musiqisinin incəliklərinə yiyələnir. Türkiyədə həm tarzən, həm də müğənni kimi konsertlər verir, muğam və təsnifləri, rəngləri məharətlə ifa edir. Azərbaycan musiqisi tarixində ilk dəfə muğamları nota salanlardan biri məhz Məşədi Cəmil olub.
Mənbələrdə musiqiçinin daha bir səhnə əsəri – “Namuslu qız” operettasını (1923) yazdığı qeyd edilir. Bu əsər Gəncədə səhnə həlli tapdıqdan sonra Azərbaycanın digər bölgələrində də uğurla göstərilib. Təəssüf ki, “Seyfəl-mülk” və “Namuslu qız” əsərləri tarixin dolanbaclarında yoxa çıxıb.
Onun ən böyük arzusu musiqi məktəbi açmaq idi. 1923-cü ildə bu arzunu gerçəkləşdirir, Gəncədə ilk musiqi məktəbini yaradır. Tarzən, bəstəkar və pedaqoq Məşədi Cəmil Əmirov 1928-ci ildə vəfat edib.
Tədbirdə Xalq artisti Vamiq Məmmədəliyev, tarzən Kamal Nuriyevin tarda solo ifaları təqdim olundu. Musiqi xadiminin nəvəsi Sevil Əmirova ulu babasının xatirəsinə göstərilən ehtiram və irsinin təbliğinə görə Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirdi.