Vaxt.Az

Öyrədən ÖYRƏTMƏN...


 

... Yaxud şagirdlərinə riyaziyyatı sevdirən “italyan aktyor”u

Öyrədən ÖYRƏTMƏN... Orta məktəbdə mükəmməl bir riyaziyyat müəllimim olub.

Bütün müəllimlərimizdən seçilirdi Valeh müəllim.

Məktəbi doğulduğu Borçalıda oxumuş, ali təhsilini isə Bakıda almışdı.

Bizə dərs dediyi vaxt həm də dissertant idi, namizədlik dissertasiyası üzərində çalışırdı.

Çox səliqəli idi, zövqlə geyinirdi, italyan aktyorlarına bənzəyirdi.

Dərs başlayanda sinfə özündən əvvəl odekolonunun qoxusu “girirdi”.

Hər şeyi fərqli idi Valeh Hacıyevin – danışığı, çantasından çıxardığı özəl qələmləri, təbaşiri tutması, muncuq kimi xətti…

Dərs demirdi o, öyrədirdi.

Buna görə də Valeh müəllim türklərin sözü olmasın əsl “öyrətmən” idi.

“Öyrətmən” kimi də qəribə idi.

Məsələn, riyaziyyata həvəsi olanları seçir, onların suallarını daha ətraflı cavablandırır, diqqətini ancaq o uşaqlara verirdi. Digərlərinə isə…elə-belə…

Riyaziyyatı sevməyənlərin, zəif olanların adlarını yadında saxlamırdı…

Sevdiyi uşaqlara sevgi ilə baxırdı, əsirgəmirdi yaxşı münasibətini.

O gözəl Borçalı ləhcəsi ilə arada bir-iki misra şeir də deyirdi.

Səməd Vurğun heyranı idi.

Mənə riyaziyyatı atam sevdirsə də, Valeh müəllim də həyatımda böyük rol oynayıb.

Əgər onlar olmasaydı, həyatım çox maraqsız və sönük olardı…

Məzun olduqdan çox-çox sonra hardasa oxumuşdum ki, ən yaxşı riyaziyyat müəllimləri təbaşirlə yazı taxtasında düzgün çevrə çəkənlərdir.

Valeh müəllim də gözəl çəkirdi, o dərəcədə ideal və qüsursuz idilər ki, sanki pərgarla çəkirdi.

Üçüncü ayın on dördündə Valeh müəllim düşdü yadıma.

Mart ayının on dördündə sinif otağımız canlandı gözümdə…

Valeh müəllim yazı taxtasına inanılmaz gözəllikdə bir çevrə çəkir.

Uşaqlardan kimsə yerindən “nə qəşəng dairədir” deyir.

Üzünü sinfə çevirmədən narazı şəkildə “sən hələ də dairə ilə çevrənin fərqini bilmirsən” deyir.

Sonra çevrənin diametrini çəkir.

Ardınca da mənə hələ də sehrli görünən gözəldən gözəl bir hərf yazır – π…

Məktəbdə Pi ədədini öyrənəndə martın 14-ü hələ “Beynəlxalq Pi günü” elan edilməmişdi;

Mən o zaman nə amerikalı astronom Karl Saqanın adını eşitmiş, nə də onun "Əlaqə" romanını oxumuşdum. Və təbii olaraq əsərdəki elm adamlarının π ədədinin vergüldən sonrakı rəqəmlərini müəyyən edərək Yaradanın gizli mesajlarını üzə çıxardıqlarını bilmirdim;

Valeh müəllim yazı taxtasında “π = 3,1415926535…” yazanda Darren Aronofski özünün “Pi” filmini (1997) hələ çəkməmişdi və mən filmin qəhrəmanı, istedadlı riyaziyyatçı Maks Koenin bütün birjaların qiymətlərinin dəyişdiyi universal rəqəmsal kodunu tapmaq və deşifrə etmə təşəbbüslərindən bixəbərdim;

Mən Pi-yə məftun olanda “Ulduz yolu” (Star Trek) serialı çoxdan çəkilmişdi, ancaq sovet tamaşaçısı serial nədir bilmirdi və təbii ki, Spokun kompüterə mane olub xaos yaratmaq istəyindən də anlayışım yox idi, Spokun “Pi ədədinin sonuncu rəqəmini tap” deyənə kompyuterin partlamasını eşitməmişdim…

O vaxtı məktəblinin bildiyi tək bir şey var idi – bir çevrənin uzunluğunun onun diametrinə olan nisbəti π ədədinə bərabərdir və o, bir riyazi sabitdir. Valeh müəllimin yazı taxtasında çəkdiyi çevrə ilə diametr, eləcə də Kiril əlifbasındakı hərfin başına qoyulan “dalğalı papaq” işarəsi məni heyran etməsindən başqa bir şey yox idi. Bütün bildiklərimi sonra – Tətbiqi riyaziyyat kafedrasında oxuyanda və bir də aspirant illərimdə öyrənmişdim.

***

Riyazi simvol kimi π-nin ilk qeyd edilmiş istifadəsi Uelsli riyaziyyatçı Uilyam Consun 1706-cı ildə yazdığı “Synopsis Palmariorum Matheseos” adlı əsərində olmuşdur. Cons yunan dilindəki περιφέρεια (periferiya) sözününü baş hərfini – π-ni götürmüşdür.

 

O, belə yazmışdı: “3,14159 və s. = π”.

 

Bununla belə, π-nin yayılması onu 1737-ci ildə mənimsəyən başqa bir riyaziyyatçı – Leonard Eyler tərəfindən populyarlaşdırdıqdan sonra başlamışdır. Eyler Elm tarixinin ən nüfuzlu və ən məhsuldar riyaziyyatçılarından biri idi və o, π-dən özünün hesab, ədədlər nəzəriyyəsi, həndəsə və fizika sahəsindəki işlərində istifadə edirdi. Dahi riyaziyyatçı belə yazırdı:

“Qoy π simvolu çevrənin uzunluğunun diametrinə nisbəti göstərsin”.

O vaxtdan bəri π universal bir simvol kimi dünyada ən tanınan və ən məşhur riyazi sabitlərdən birinə çevrildi…

***

Öyrətmən, yəni öyrədən müəllim.

Hər müəllim öyrədəndirmi?..

Valeh Hacıyev öyrədən müəllim idi…


Sizə çox şey borcluyam, əziz Öyrətmənim!

 





14.03.2025    çap et  çap et