Vaxt.Az

Rəqibləri birləşdirən ortaq maraqlar


 

ABŞ-a qarşı zəif mövqedə olan Avropa özünə dayaq olaraq Çinlə yaxınlaşa bilər

Rəqibləri birləşdirən ortaq maraqlar İndi artıq hamı etiraf edir ki, dünya yeni nizama hamilədir. Dünya nizamı qlobal güclər tərəfindən yaradılır. Hər hansı dövlətin qlobal güc olduğu başqa dövlətlər tərəfindən tanınmalıdır, əks halda onu “qlobal güclər klubuna” yaxın buraxmazlar.

Çin və Rusiya qlobal güc olduqlarını təsdiq ediblər. ABŞ-ın isə qlobal güc qalması artıq şübhə altındadır. O bunu yenidən təsdiq etməlidir. Trampın Kanada və Qrenlandiya iddiaları bəhrəsini verərsə, tarif sanksiyaları ilə digər ölkələri öz iradəsinə tabe etdirə bilərsə, ABŞ-ın qlobal güc olması şəksiz qəbul ediləcək.

Lakin Kanada və Qrenlandiya məsələsi, əslində, siyasi olaraq ABŞ-Avropa, ideoloji olaraq suverenistlər-qlobalistlər qarşıdurmasıdır. 1945-ci ildən sonra ilk dəfədir ki, Avropa ABŞ-ın iradəsinə qarşı açıq etiraz edir və ona qarşı mübarizəyə, hətta müharibəyə hazırlaşır.

ABŞ Avropanı ram etmək üçün ona qarşı tarif sanksiyalarını tətbiq edir, onu “NATO qalxanı”nı götürəcəyi ilə hədələyir. Avropa da əvəzində ABŞ-a qarşı tarif sanksiyaları tətbiq etməyə hazırlaşır. Bu zaman ideoloji dostlarına zərbə dəyməsin deyə tarif sanksiyalarını suverenistlərin (trampistlərin) ştatlarının məhsullarına tətbiq ediləcəyini bildirir.

ABŞ-a qarşı zəif mövqedə olan Avropa özünə arxa axtarışında Çinlə yaxınlaşır. Çin də ABŞ-la tarif müharibəsindədir. Ortaq maraqlar Avropa ilə Çini ABŞ-a qarşı birləşdirir.

Hazırda ABŞ ağır vəziyyətə düşüb – xaricdə güclü bir dostu (ölkə və ya ölkələr birliyi) yoxdur, daxildə isə iqtisadi-siyasi vəziyyət pisləşməkdə davam edir.

Avropa və Çinlə münasibətlərin yaxın illərdə düzəlməsi gözlənilmir. Buna görə də ABŞ heç olmasa Rusiya ilə münasibətləri yaxşılaşdırmağa məcburdur. Yaxşılaşdıra bilməsə belə ən azı Rusiyanın da Avropa-Çin alyansına qoşulmasına imkan verməməlidir.

Buna görə də ehtimal ki, ABŞ Ukrayna münaqişəsindən tezliklə çıxacaq.

ABŞ-ın blefi nə qədər ki əlində “kartlar” var, bu münaqişədən siyasi və iqtisadi dividentlər əldə etməkdir.

ABŞ-ın “kartları”: Bayden administrasiyası zamanı təsdiq edilmiş, lakin hələ də 3 milyarda dollar yaxını ABŞ-da qalan Ukraynaya hərbi yardım paketi;

Siyasi divident: müharibəni dayandırmağa nail ola bilərsə, ABŞ qlobal güc olduğunu təsdiq edə bilər (buna özü də az inanır);

İqtisadi divident: Ukraynanın yeraltı və yerüstü sərvətlərinə sahib olmaq, müharibəyə çəkilmiş xərcləri geri qaytarmaq.

2025-ci il üçün tərtib edilmiş ABŞ büdcəsində Ukraynaya hərbi yardıma 1 dollar belə nəzərdə tutulmayıb. ABŞ-ın maliyyə vəziyyətinin pisləşməsini, tarif müharibələrinin vuracağı ziyanın daha da artacağını nəzərə alsaq, ABŞ-ın hətta ötən il ayrılmış 3 milyard dolları da Ukraynaya tam həcmdə göndərəcəyi şübhəlidir.

ABŞ-ın başı daxili problemlərinə və Avropa ilə tarif müharibəsinə qarışacaq.

Avropa Birliyi isə tarif müharibəsi dövründə ABŞ-a böyük ziyan vuracaq, lakin özü də parçalanacaq.


* Məqalələrdəki fikirlər müəllifə məxsusdur və “Vaxt.az”ın siyasətini əks etdirməyə bilər.

 





14.03.2025    çap et  çap et