– Hədəf əvvəlki kimi olaraq qalır. Hədəf Ukrayna deyil, Rusiyadır. Ukrayna vasitədir, tələdir;
– Tramp Putinin şərtlərini qəbul edə bilmir və bilməz. Bu şərtlərin qəbulu Rusiya-Ukrayna müharibəsinin bütün səbəblərini, mahiyyətini sıfıra endirmiş olar. Tramp özü haqqında çıxan Rusiya tərəfdarı iddialarını təsdiq etmiş olar. Bu isə mümkün deyil;
– Trampın ən optimal variantı bu vəziyyətdə Rusiyaya qarşı sanksiyaları daha da gücləndirməkdir ki, artıq bu barədə məlumatlar yayılmaqdadır;
– Tramp bir çox missiyaları üzərinə götürərək Prezident seçilib. Bu missiyaların bir hissəsinin yerinə yetirilib yetirilməməsi, alınıb-alınmaması həyat-ölüm məsələsi deyil. Lakin, Yaxın Şərq, Rusiya-Ukrayna müharibəsi və 2030-dan sonra gözlənilən yeni düzənin əsaslarını formalaşdıracaq iqtisadi-maliyyə məsələlərində səhv etmək təkcə özü üçün deyil, həm də Respublikaçılar Partiyası, özündən sonra düşünülən namizədləri üçün (özü hələlik vitse-prezident Vensi nəzərində tutur) ölüm-qalım məsələsidir;
– Rusiya-Ukrayna müharibəsində kəskin vəziyyət dəyişmələri hələ irəlidədir;
– Tariflərlə bağlı Trampın mövqeyinin ABŞ və qlobal iqtisadiyyat üçün mənfi nəticələrinin olacağı aydındır. Lakin, uzun müddət üçün ABŞ daxil olmaqla bu vəziyyətdən istifadə edən iqtisadiyyatların özlərini təmin etmə səviyyəsi və ya nəticələrinin nə dərəcədə müsbət və ya mənfi olacağı mübahisə mövzusudur. Hansısa ölkələr bu vəziyyətdən qazanacaq, hansısa ölkələr çox ciddi itkilərlə üzləşəcək. Bir məsələ aydındır ki, qlobal iqtisadiyyatda kiçilmə və daralmalar bir çox ölkələri ya ABŞ-ın, ya Çinin nüfuz dairəsinə daxil olmağa, onların dedikləri ilə razılaşmağa məcbur edəcəkdir. Zelenski ilə Oval kabinetdə Tramp və Vensin dialoqu gələcəkdə resursu olan ölkələrlə aparılacaq danışaqların kiçik mesajı idi. Resursu və ya güclü iqtisadiyyatı olmayan ölkələr hazırda kiminsə maraq dairəsində deyil. Əksinə, bu kimi ölkələrə maliyyə yükü kimi baxılır;
– Dünyada tamamilə yeni bir iqtisadi gerçəklik və reallıqlar formalaşır. Bu Trampın şəxsi fikirlərindən daha çox ümumi siyasətin bir parçasıdır. Məsələn, Trampın Avropanı bu şəkildə tənqid etməsi Avropa üçün konstruktiv xarakterlidir. Yatmış və kiçik intriqalar içində boğulan Avropa ayılmağa başlayıb. Əgər Avropa Birliyi ölkələri özünün iqtisadi, siyasi və hərbi məsələlərə yanaşmalarını fundamental olaraq dəyişməyə ehtiyac duyursa və addımlar atırsa, düşünək ki, digər ölkələr üçün bu baxışların dəyişməsi nə dərəcədə vacib və qaçılmazdır.
– Hər bir ölkənin taleyini onun qlobal enerji, ərzaq təhlükəsizliyi məsələlərindəki paylarının həcmi və qlobal layihənin bir parçası olub-ola bilməməsi imkanları həll edəcək.