Vaxt.Az

İKTA-ya qarşı ciddi ittihamlar


 

Tənzimləyici qurum 5G üçün tezlikləri nə zaman verəcək, 4-cü mobil operatora ehtiyac varmı?

İKTA-ya qarşı ciddi ittihamlar Bir neçə gün öncə “Nokia”nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, şirkətin Avrasiya üzrə bölməsinin satış direktoru Aleksandr Şunin Bakıda jurnalistlərə maraqlı bir açıqlama verib.

“Onlayn Azərbaycan” layihəsinin yekunu ilə bağlı tədbirdə jurnalistlərə açıqlama verən Nokia rəsmisi açıqlayıb ki, tənzimləyici razılıq verən kimi, Azərbaycanda 5G infrastrukturunun reallaşdırılmasına hazırıq.

Normalda, bu açıqlama aydın səmada göy gurultusu yaradacaq bir hadisədir.

Maraqlıdır ki, sektorun tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) hələlik buna münasibət bildirməyib. Əslində isə ciddi ittihamdır.

Xeyli müddətdir ki, Azərbaycanda 5G ilə bağlı ləngimələr müzakirə mövzusudur. Artıq qonşu ölkələrdə, Qazaxıstanda, Ermənistanda, Gürcüstanda və s. ölkələrdə  5G istiqamətində ciddi addımlar atılıb, lisenziyalar və tezliklər hərrac yolu ilə operatorlara verilib, real işlək şəbəkələr fəaliyyətdədir.

Ölkəmizdə isə bu istiqamətdə işlər çox ləng gedir. Son zamanlar 5G tezliklərinin istifadəyə hazırlanması istiqamətində xeyli faydalı işlər görülsə də, bu tezliklərin hansı qaydada operatorlara veriləcəyi aydınlaşmayıb.

Əlbəttə, hər gün tarifləri qaldıraraq 3G və 4G-dən yetərincə gəlir əldə edən  mobil operatorlar 5G üçün elə də maraqlı deyillər, güman ki bu gedişlə heç maraq da göstərməyəcəklər.

Gərək hökumət, tənzimləyici qurum lisenziya əsasında fəaliyyət göstərən mobil operatorlardan bu istiqamətdə investisiyaların yatırılmasının vacibliyi ilə bağlı işlər aparsın.

Xərclər yüksək olduğundan vahid bir 5G baza stansiyaları şəbəkəsindən istifadə edilməsi də mobil operatorları maraqlandıra bilərdi.

Əgər mobil sektorda rəqabət bu qaydada “dondurulmuş” formada davam edəcəksə onda 4-cü mobil operatorun bazara buraxılması da müzakirə predmeti olmalıdır.

Hələlik isə görünən odur ki bizdə mobil sektorda rəqabətin inkişafı yetərli deyil, operatorlar əlavə xidmətlər, əlavə texnologiyalar tətbiq etmək əvəzinə mövcud bəsit xidmətlərin tariflərini qaldırmaqda maraqlıdırlar.

Son zamanlar müşahidə olunur ki mobil operatorlar mobil internet trafikini “qızıldan qiymətli” ediblər. Ən bəsit mobil xidmətlərin tariflərini xeyli qaldırıblar.

İKTA mobil sektorda rəqabətin gücləndirilməsi və tariflər sahəsində,  5G üçün tezliklərin hərraca çıxarılması istiqamətində səylərini gücləndirməlidir.

 





14.03.2025    çap et  çap et