Çinə qarşı təhlükəsizlik tədbirlərinin artırılması lazım olduğunu bildirən prezident, hərbi məhkəmələrin (tribunal) yenidən qurulacağını açıqlayıb. Tayvan lideri bildirib ki, üsyan, düşmənə yardım, məxfi məlumatların sızması, vəzifəyə etinasızlıq və ya itaətsizlik kimi hərbi cinayətlərlə bağlı proseslərə bu məhkəmələrdə baxılacaq.
Lai, keçən il Çinin xeyrinə casusluq etdiyi iddiasıyla 64 Tayvan vətəndaşına qarşı qanuni tədbir görüldüyünü və bu rəqəmin 2021-ci ilə nisbətən 3 dəfə artdığını bildirib.
1980-ci illərin sonuna qədər hərbi vəziyyət şəraitində olan Tayvan 2014-cü ildə hərbi məhkəmə sisteminə son qoyub.
Lainin hərbi məhkəmələri geri qaytarmaq planı müxalifətin tənqidinə səbəb olub. Sol-mərkəzçi Tayvan Xalq Partiyası (TPP) bu qərarını Tayvanı insan haqları məsələsində geriyə addım kimi qiymətləndirib.
Tayvanın qanunverici orqanında çoxluğa sahib olan Çin Millətçi Partiyasından (Kuomintang - KMT) Vanq Hunq-vei plana “tamamilə qarşı olmadıqlarını” bildirsə də, hakim Demokratik Tərəqqi Partiyasını (DPP) xəttini dəyişdirdiyinə görə tənqid edib.
Tayvan lideri yeni təhlükəsizlik tədbirləri çərçivəsində Çin, Honq-Konq və Makaodan Tayvanda yaşamaq icazəsi ilə bağlı müraciət edənlər üçün prosedurların sərtləşdiriləcəyini də açıqlayıb.
Çin əsilli Tayvan vətəndaşı bu həftə Pekin işğalını dəstəkləyən məzmun paylaşdığı üçün ölkədən deportasiya edilib. Lai, Pekinin Tayvan vətəndaşlarına yaşayış və ya pasport təklif etdiyinə diqqət çəkərək, bunları “Tayvan xalqının milli kimlik duyğusunu ləkələmək cəhdi” olaraq xarakterizə etdi.
Lainin bəyanatına Çindən dərhal reaksiya gəlib. Bu barədə Pekinin Tayvan İşləri İdarəsinin sözçüsü Çen Binhua açıqlama verib: “Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələr qırmızı xətti keçməyə cəsarət etsə, qətiyyətli tədbirlər görməkdən başqa çarəmiz qalmayacaq. Odla oynayanlar mütləq yanacaqlar”.
Çin-Tayvan gərginliyi
İkinci Dünya müharibəsindən sonra Çində Milliyyətçi Partiya ilə Kommunist Partiyası arasında gedən vətəndaş müharibəsi Kommunist Partiyasının qələbəsi ilə başa çatdı. Məğlubiyyətdən sonra Milliyyətçi Partiya liderləri Tayvana sığındı.
Soyuq Müharibə səbəbiylə Qərblə münasibətləri kəsən Çin 1970-ci illərin əvvəllərinə qədər Birləşmiş Millətlər Təşkilatında (BMT) Tayvan və ya rəsmi adı ilə Çin Respublikası ilə təmsil olunurdu.
BMT-nin 1971-ci ildə Çin Xalq Respublikasını tanımaq qərarı gərginliyi yeni səviyyəyə qaldırdı. Qərardan sonra Tayvan BMT-dən çıxarıldı.
Pekin “vahid Çin” prinsipinə sadiq qalaraq Tayvanın onun ərazisinin bir hissəsi olduğunu iddia edir. Buna uyğun olaraq Çin Tayvanın eyni adlı boğazda və onun ətrafında hərbi mövcudluğuna, eləcə də ölkələrlə diplomatik əlaqələr qurmasına, BMT və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə qarşı çıxır.
Tayvan o vaxtdan bəri müxtəlif yollarla müstəqillik axtarışlarını davam etdirir.