Birmənalı fikir bildirmək olmur. Abbasovun məşqçilik bacarığına şübhəm yoxdur, bunu dəfələrlə ifadə etmişəm. Klubla paralel işi çatdıra biləcəkmi? Prinsipcə, bunda da bir çətinlik görmürəm. Olan kluba olacaq. Ancaq “Şamaxı” zatən “feyk” klubdur, olsa nə olar, olmasa nə... Böyük ehtimalla, klub həm də “U-21”in bazası rolunu oynayacaq.
Abbasovun bu təyinatının sonrası da maraqlıdır. Təbii ki, adam möcüz deyil, bu resurslarla xarüqələr yarada bilməz. Nəyə qadir olduğumuzu, maksimumuzun nə olduğunu zatən bilirik, Ayxan lap aşağı da salmaz. Məncə, bu yolla məşqçi həm də böyük klublara yolunu açmaq şansı əldə edəcək. Bu, böyük ehtimalla “Sabah” olacaq. Ancaq perspektivdə “Neftçi” də ola bilər. Digər tərəfdən “U-21” həm də əsas millinin arxa bağçasıdır. Burda özünü yaxşı tərəfdən göstərən məşqçi “A” komandaya 1 nömrəli namizəddir. Santuşdan sonra yenidən Qurban Qurbanov variantı olmayacağı təqdirdə, ikinci namizəd Rəşad Sadıqovun adının yanına məhz Ayxan əlavə olunur. Bildiyim qədərilə sevimlilər sırasında olan Abbasovun şansı daha çoxdur. Rəşad bu prosesdə liderliyini ancaq ardıcıl uğurları ilə qoruya bilər ki, o da bunu bacardığını son 1 ildə göstərir.
Bir sözlə, maraqlı təyinatdır, gedişatı izləməyə dəyər.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Ayxan Abbasov AFFA.az saytına açıqlamasında təyinatı ilə bağlı təəssüratlarını bildirib: “Belə bir məsuliyyətli işi mənə etibar etdiyi üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdir. Qarşımıza çox böyük iş düşür. Bunun öhdəsindən gəlməyə çalışacağıq.
Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılması və “A” millimizə namizəd olmasıdır. İlk iş olaraq böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq”.