Vaxt.Az

Tramp NATO-dan dəstək istəyir


 

Baş katib Rutte isə Qrenlandiya-ABŞ məsələsinə qarışmaq istəmir

Tramp NATO-dan dəstək istəyir ABŞ prezidenti Donald Tramp dünən Ağ Evdə keçirilən toplantıda Qrenlandiyanın ABŞ-a mümkün ilhaq planları ilə bağlı NATO-nun baş katibi Mark Ruttenin dəstəyini almağa çalışıb.

Tramp adanın strateji əhəmiyyətini bir daha vurğulayaraq, Qrenlandiyanın rəsmi olaraq aid olduğu Danimarkadan uzaqda olduğunu qeyd edib. Müxbirin mümkün ilhaqla bağlı sualına Tramp deyib: “Düşünürəm ki, bu baş verəcək”.

Rutteyə toxunan Tramp, əvvəllər bu mövzuda çox düşünmədiyini, indi isə çox təsirli ola biləcək bir adamla oturduğunu qeyd edib.

Rutte, öz növbəsində, adanın ABŞ-ın bir hissəsi olub-olmaması ilə bağlı müzakirələrdən uzaq olmaq istədiyini və Qrenlandiyanın yerləşdiyi yerə görə beynəlxalq təhlükəsizlik üçün böyük əhəmiyyət kəsb etdiyini etiraf etsə də, “NATO-nu bu müzakirəyə cəlb etmək istəmədiyini”, – deyib.

Tramp Qrenlandiyaya marağını zəngin təbii sərvətləri və strateji yerləşməsi ilə əsaslandırıb. Danimarka dünyanın ən böyük adası olan Qrenlandiya üzərində nəzarətdən əl çəkməyəcəyini bildirib.

Əldə olunan məlumata görə, Qrenlandiya rəsmi olaraq Danimarka Krallığının bir hissəsi olsa da, siyasi işlərinin çoxunu müstəqil şəkildə həyata keçirir. Lakin ada xarici siyasətə və müdafiəyə nəzarət edən Kopenhagen hökumətindən ciddi şəkildə maliyyə asılılığındadır.

 





14.03.2025    çap et  çap et