Vaxt.Az

2400 şəxs və təşkilat


 

AB Rusiyaya qarşı sanksiyaları uzadıb

2400 şəxs və təşkilat Avropa Birliyi (AB) təxminən 2400 rusiyalı şəxs və təşkilata qarşı tətbiq etdiyi sanksiyaların 6 ay uzadılmasına qərar verib. Avropa Birliyi Komissiyasının sədri Ursula von der Leyen sosial media hesabında Rusiya-Ukrayna müharibəsi səbəbilə Rusiya fərd və qurumlarına qarşı məhdudlaşdırıcı tədbirlərin uzadıldığını açıqlayıb.

AB-nin Rusiyaya təzyiqlərini artırdığını qeyd edən von der Leyen, “Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü səbəbilə təxminən 2400 şəxs və təşkilata qarşı sanksiyalarımızı uzadırıq”, – deyib.

Von der Leyen sanksiya siyahısında olanların səyahət qadağalarına məruz qaldığını, aktivlərinin dondurulduğunu və resursların göndərilməsinin qadağan edildiyini xatırladıb.

AB ölkələrinin qəbul etdiyi qərara uyğun olaraq, Ukraynanın ərazi bütövlüyü və suverenliyini təhdid edənləri hədəf alan fərdi məhdudlaşdırıcı tədbirlərin müddəti sentyabrın 15-dək uzadılıb.

Fərdi sanksiyalar hər 6 aydan bir yenilənməlidir.

Hazırkı fərdi sanksiyaların müddəti martın 15-də başa çatmalı idi. Uzun müddətdir bəzi şəxslərin siyahıdan çıxarılmasını tələb edən Macarıstan sanksiyaların uzadılması qərarına veto qoyub.

Siyahıdakı şəxslərin və təşkilatların əksəriyyəti Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumundan sonra sanksiya siyahısına salınıb.

AB də müharibə səbəbindən indiyədək Rusiyaya qarşı 16 sanksiya paketi tətbiq edib.

Bu kontekstdə Rusiya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və dəbdəbəli mallar, qızıl və almaz da daxil olmaqla geniş məhdudiyyətlərə məruz qalır.

Sanksiyalar həmçinin xam neftin və bəzi neft məhsullarının Rusiyadan AB-yə dəniz yolu ilə daşınmasına qadağa, bəzi Rusiya banklarının “SWIFT” beynəlxalq ödəniş sistemindən çıxarılması və bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılmasını da əhatə edir.

 





14.03.2025    çap et  çap et