Nyu-Yorkda – 5-ci Avenyudakı əfsanəvi mağaza kub, Şanxaydakı isə silindr şəklindədir. İstanbul «Qübbələr şəhəri» kimi də bilindiyindən memarlar «Zorlu»dakı konsepti «yarımkürə» formasında hazırlamışlar. Açıq havada şüşədən hazırlanmış yarımkürənin içinə lampa (neft lampası, çıraq) yerləşdirilib və onun işığı sanki aşağıdakı ultra-modern satış mərkəzini işıq saçaraq aydınladır. Necə də gözəl düşünülmüşdür – «Apple» və onun qurucusu Stiv Jobs (Steve Jobs) günümüzə işıq saçır. Çağdaş dünyanı, yeni düşüncəni bu işıqsız, onun yaratdığı imkanlarsız, informasiya texnologiyalarsız təsəvvür etmək olarmı heç?..
Rəsmi açılış həftəsonu olacaq. Aylar əvvəl prezident Gülün və Apple şirkətinin rəhbəri Tim Kukun (Tim Cook) açılışda şəxsən iştirak edəcəkləri bəyan edilmişdi. Yeni texnologiyalarla yaxından maraqlanan və sosial şəbəkələrdə kifayət qədər aktiv olan prezident Gülün mərasimə gələcəyi dəqiqləşib. Tim Kuk (Tim Cook) isə Türkiyədə «Twitter» və «Youtube»un qapadıldığına etiraz əlaməti olaraq son anda iştirakdan imtina edib.
Bu sətirləri aktiv bir Apple istifadəçisi kimi Mac-də yazıram, iş səyahətlərində iPad-imi yanımdan ayırmır, iPod-suz tətilə çıxmır, smart telefonlar içində iPhone-nun önəmini qəbul edirəm. Bu səbəbdən də İstanbulda belə bir mərkəzin açılmasını alqışlayıram. Son 10 ildə iqtisadi cəhətdən xeyli irəliləyən Türkiyənin imici üçün də bu mərkəzin açılışı müstəsna rol oynayacaqdı. Amma «Twitter» və «Youtube» yasaqları ölkəni «qaranlıq çağları» dəstəkləyənlərlə eyni sıraya qoydu. Və bir dünya markası olan Apple öz mövqeyini bəlli etməli idi və etdi də. Çünki Apple məhsulları tv, radio, mikro-dalğa sobası və s. cihazlar kimi deyillər, bütün məhsulları bilavasitə «ümumdünya şəbəkəsi»nin sehrli torları ilə əlaqəlidirlər. Müasir insan artıq bu «www» deyilən «qlobal mərətin» əhatə dairəsinin xaricində yaşaya bilmir, onun həyatı bu torların «ağuşunda» olmasına bağlıdır haradasa, hava və su kimi lazımdır ona.
Məsələnin siyasi tərəfinə gəlincə. Ağ evdən Avropa Birliyinə, Avropa Parlamentindən NATO-ya qədər hər yerdən etiraz, qınama səsləri yüksəldi. Seçkilər bitdi, iqtidardakı Ədalət və İnkişaf Partiyası növbəti qələbəsini qazandı. Artıq «Twitter» təhlükə olmaqdan çıxmışdı. Və seçkilərdən 4 gün sonra «mavi quş» ötməyə başladı.
Nüfuzlu «The Economist» jurnalı seçkilərdəki qələbədə baş nazir Ərdoğanın iqtisadi siyasətinin böyük payı olduğunu yazır, aylar sürən qeyri-müəyyənlikdən sonra türk lirəsinin dollar qarşısında az da olsa, dəyər qazanmasına diqqət çəkir. Arxasınca da bunları qeyd edir: «Ərdoğan «Twitter» və «Youtube»u qapatmaqla müxalifəti zəiflətdi, bununla da beynəlxalq imicinə xələl gətirdi». İmici isə getdikcə daha böyük önəm kəsb edəcək. Cəmi 5 ay sonra prezident seçkiləridir. Və o zamana qədər əldə olanları müdafiə etmək, Qərbdəki iri sərmayə quruluşları və korporasiyalarla münasibətləri bərpa etməlidir.
«New York Times» isə «Baş nazir Ərdoğanın intiqamı» adlı baş məqaləsində hökumət rəhbərinin prezident seçkilərinə güclənərək getdiyini yazaraq, lakin baş nazirin özünümüdafiə üçün hamını və hər şeyi əzməyə hazır olduğunu söyləyir, bunun da qeyri-sabitliyə aparacağını təxmin edir…
«Apple»ın İstanbul mərkəzini hazırlayanlar burada olduqları müddət ərzində türk gənclərinin modern texnologiyalara, bilgisayar və müxtəlif yeniliklərə nə qədər aşina olduqlarına heyran olublar. Elə o gənclərin sayəsindədir ki, «Twitter»in o şirin mavi quşunun susqunluğu cəmi ikicə həftə çəkdi. Seçkilərin qalibləri Tim Cooku küsdürsələr də, onların yaratdıqları yeni texnologiyalar sabahlara işıq tutacaq. İstanbuldakı «Apple Store»u aydınladan o lampa kimi…