Təsəvvür edin, bu başlıqlarla
«Facebook»da «selfie»lər paylaşılırdı:»Füzulidə filan adsız yüksəkliyi təhvil
veririk.» Sosial şəbəkənin yarğısı, mühakiməsi, hər şeyi arxivləşdirməsi çox
irəliləyib. «Selfie»ni paylaşandan yer, kiminlə birlikdə olması ilə bağlı
məlumat tələb edilir. Döyüşçü də yazardı ki, «Ağdərə yaxınlığında, filan
batalyon komandiri ilə birlikdə...» Beləliklə də, ANS-in xalqı şantaj
vasitələrindən biri azalardı. Azından hər axşam məcburi köçkünlərə, keçmiş
döyüşçülərə, o zaman hakimiyyətdə olanlara «Açarıq sandığı, tökərik pambığı»
mesajı verməzdi. ANS-in «pambığı» isə heç vaxt ağ olmur. Əksinə, həmişə şəvə
kimi, lap yeri gəlsə neft kimi qapqara olur. O sandıqda isə nə olduğunu iyirmi
bir ildir ki, eşidirik, lakin görmürük.
Düzdür, mən müharibə görməmişəm, əsgəri
xidmətdə də olmamışam. Müharibə dəhşətini yaşamış, sinəsinə saysız-hesabsız
müharibə qurbanlarının son nəfəsini çəkmiş döyüşçülər deyir ki, müharibədə
çəkiliş aparmaq, hələ Qarabağ müharibəsi kimi qaydasız meydan savaşına
jurnalist buraxmaq qeyri-mümkün idi. Hazırda arxivlərdə olanlar qeyri-döyüş
saatlarıdır. Jurnalist səngərə gəlirdi və komandirdən xahiş edirdi ki, əsgərlər
havaya bir-iki güllə atsın, o da çəksin. Və özünə hörmət edən komandir də buna
icazə vermirdi.
Çünki döyüşçü o vurhavurda heç bir
müharibə hazırlığı olmayan jurnalisti hər an atıla biləcək düşmən gülləsindən
qorumağa vaxt sərf edə bilməzdi. Belə çıxır ki, ANS-in o zaman topladığı
«pambıq» özünə hörmət eləməyən, peşəkar olmayan komandirlərin hesabına başa
gəlib. Gələk, «selfie»yə. «Selfie» müasir insanın tənhalığının, yazıqlığının
şəkilli variantıdır. İnsan sevinir, xoşbəxtdir. Çox bəyəndiyi bir yerdədir.
Lakin yeddi milyar əhalisi olan planetdə o qədər təkdir ki, öz fotosunu özü
çəkmək məcburiyyətindədir. Və yaxud da qarlı gündə Əhmədliyə gedən marşrut
avtobusdan düşüb özünü çəkir. «Selfie» xətrinə yazır ki: «Şahdağdayam, xizək
tapa bilmirəm əsəbiyəm». Beləcə, biz azərbaycanlılar «Facebook»un dünyanı
arxivləşdirmək istəyini gözündə qoymuş oluruq. Tarixi dəyişən, zamanlamanı
barmağında oynadan uşaqlarıq! Azərbaycan tarixində ilk «selfie»nin müəllifi
Qarabağ müharibəsi döyüşçüsü İbad Hüseynovdur. Əlində isə «Monte Melkonyanın
başı». Monte Melkonyan o adam idi ki, döyüşçü kimi ASALA terror təşkilatında formalaşmışdı.
Hətta onu ASALA-nı yaradanlardan biri olduğunu iddia edənlər də var.
PKK terror təşkilatının irimiqyaslı
terror əməliyyatını planlamış və həyata keçirmişdi. Parisdəki Türkiyə
səfirliyinə hücum edib qanlı hadisə törətmişdi. Fransa «Orli» hava limanını
partlatmışdı. Fransa onu həbs etsə də, ASALA Parisdə 5 terror hadisəsi
törətməklə Monte Melkonyanın deportasiyasına nail olmuşdu. Nəhayət terrorçu
fəaliyyətini Qarabağ müharibəsi zamanı davam etdirmişdi. Arxiv sənədlərində
Melkonyanın 1993-cü il iyunun 12-də Mərzili kəndi uğrunda gedən döyüşlərdə
708-ci briqadanın ikinci motoatıcı batalyonunun döyüşçüləri tərəfindən məhv
edildiyi deyilir. Keçmiş döyüşçü, hazırda «Milli Qəhrəman» fəxri adı üçün
müharibədə qəhrəmancasına vuruşan İbad Hüseynov isə bunun əksini iddia edir.
O, fotolarda əlində tutduğu erməni
kəlləsinin Monte Melkonyana aid olduğunu deyir. Melkoyan düşməndir. Düşmənin
ağı və ya qarası olmur. Professional terroristi, yaxud da, sıravi əsgəri olmur.
Düşmən düşməndir. Sən məhv etməsən, o səni bitirəcək. Biz məğlub xalqıq. Etiraf
etsək də, etməsək də nəticə etibarı ilə biz uduzan tərəfik. Uduzan döyüşçüyə
isə «qəhrəman» demirlər. Hərb tarixi məğlub xalqın qəhrəmanını tanımır. Yalnız
qaliblər mühakimə olunmur. İbad Hüseynov məğlub xalqın məğlub əsgəridir. Əlində
olanı itirmiş, lazımınca müdafiə edə bilməmiş əsgərdir. Adolf Hitler faşist
idi.
Milyonların qanını tökmüşdü. Dünyaya
insan qanını mürəkkəb qurulayan vərəq kimi hopdurmuşdu. Ancaq o, hərbçi kimi,
komandan kimi yalnız hörmətə layiq idi. Sovet ordusu Berlinə girəndə, fiaskoya
uğradığını anladığı andaca intihar etdi. Ovucunda sıxıb robota döndərdiyi alman
xalqı ilə üzbəüz gəlmədi. İntihar etdi, qəhrəmanlıq tələb etmədi. Sadə məntiq
vardı, o, məğlub idi. Bizim döyüşçümüz, əlilimiz isə ev, dükan uğrunda gedən
müharibələrdə qəhrəmancasına şəhid olur. Bu da ona az gəlir, fəxri ad istəyir.
Evimin ən çox gözəbatan guşəsində Azərbaycan xəritəsini divara vurmuşam. Beş
yaşlı Arda hər gün barmağını xəritənin üstündə gəzdirir. Hələ ki, hərfləri
yaxşı tanımır. Onun balaca barmaqları xəritənin üstündə gəzdikcə, aşağılara,
bizdən uzaqlara hərəkət etdikcə, Qarabağa, işğal olunmuş ərazilərə uzandıqca
mən utandığımdan gözlərimi qapayıram, görməzdən gəlirəm. Onun «bura haradır?»
suallarına cavab verməmək üçün barmaqlarını yuxarıya - Bakıya doğru aparıram. O
da, Xəzərə çatan kimi «Ana, suya düşdüm.» deyir. Mən də eyni cür hərəkət
edirəm. 1992-1993-cü illərdəki analar kimi oğlumu Bakıya «sürüyürəm», suya
salıram, reallığı gözüm görə-görə suda boğuram. Kaş ki, iyirmi min yox, qırx
min şəhid vermiş olaydıq. Cəmi iyirmi min sağ kişinin yerinə bircə həqiqi
qəhrəmanımız olaydı. İndi beş yaşı olan uşaqlar Azərbaycan xəritəsinin üzərində
gəzişəndə suya düşməzdi.
P.S : Övladı Xocavənddə «selfie» çəkə bilməyən kişidən qəhrəman olmaz. («Ayna»qəzeti)