Tramp “Truth Social” sosial media platformasındakı paylaşımında ABŞ-ın husilərə qarşı qərarlı və güclü hərbi əməliyyat başlatdığını və husilərin nəzarəti altında olan bölgələrdə onlarla hədəfi vurduğunu bildirib. ABŞ bayraqlı sonuncu ticarət gəmisinin Süveyş kanalı, Qırmızı dəniz və ya Ədən körfəzindən təhlükəsiz şəkildə keçməsindən bir ildən çox vaxt keçdiyini qeyd edən Tramp, “Gəmiçiliyə hücumların qarşısını almaq məqsədimizə çatana qədər öldürücü güc tətbiq edəcəyik”, – dedi.
Tramp həmçinin İrana xəbərdarlıq edərək bildirib ki, Husilərə dəstəyi dərhal dayandırılmalıdır.
ABŞ-ın “The New York Times” (NYT) qəzeti, hava və dəniz hücumlarının Qırmızı dənizdə beynəlxalq gəmiçilik yollarını açmaq üçün radarları, hava hücumundan müdafiə sistemlərini, raket sistemlərini və pilotsuz uçuş aparatlarını (PUA) hədəf aldığını bildirib. Qəzet ABŞ rəsmilərinə istinadən yazıb ki, hərbi əməliyyat İrana xəbərdarlıq göndərmək məqsədi daşıyır. Qəzetin yazdığına görə, əməliyyat bir neçə gün davam edə və husilərin cavabından asılı olaraq daha şiddətli xarakter ala bilər.