Şimali Koreyanın suverenliyinə və daxili işlərinə qarışmağa dözməyəcəyi vurğulanan bəyanatda, G7 ölkələri nüvə silahından öz təcavüzkar və hegemon siyasi və hərbi məqsədlərinə çatmaq üçün əsas vasitə kimi istifadə etməkdə, nüvə silahının yayılmasının qarşısının alınması adı altında qeyri-qanuni və zərərli nüvə silahlarının yayılması fəaliyyətində ittiham olunur.
***
Dünyadakı nüvə gərginliyindən G7 ölkələrinin məsuliyyət daşıdığı iddia edilən bəyanatda, “Bütün faktlar göstərir ki, ABŞ və müttəfiqlərindən ibarət olan G7 beynəlxalq nüvə böhranı və bu böhranın artmasına görə məsuliyyət daşıyır və G7 ölkələri nüvə silahından tamamilə və qəti şəkildə imtina edən öncüllər olmalıdır”. G7 ölkələrinin nüvə hegemonluğuna can atdıqları iddia edilən bəyanatda, “Beynəlxalq sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edən nüvə cinayəti təşkilatına çevrilən G7, nüvəsizləşdirmə və nüvə silahlarından imtina mövzusunda danışmadan əvvəl köhnəlmiş nüvə hegemonluğu ambisiyalarından qurtulmalıdır”.
***
Pxenyan rəhbərliyinin nüvə silahı inkişaf etdirmə fəaliyyətlərini yavaşlatmadan davam etdirəcəyi vurğulanan bəyanatda, “Şimali Koreyanın öz qanunları ilə qurulan nüvə enerjisi statusu, onu tanıyan heç kəsdən asılı deyil. Nüvə gücümüz suverenliyimizi və ərazi bütövlüyümüzü müdafiəsi, Şərqi Asiya və dünyada strateji sabitliyin təminatı üçün güclü bir ədalət aləti olmağa davam edəcək. Şimali Koreya xarici nüvə təhdidlərinə cavab olaraq öz nüvə silahı potensialını keyfiyyət və kəmiyyət baxımından yeniləməyə və gücləndirməyə davam, məsuliyyətli nüvə dövləti kimi ölkənin, regionun və dünyanın sülh və təhlükəsizliyini müdafiə edəcək”, – bildirilir.
***
ABŞ, İngiltərə, Almaniya, Fransa, Yaponiya, Kanada və İtaliyadan ibarət G7 ölkələrinin xarici işlər nazirləri Kanadada bir araya gələrək görüş keçirib. Görüşdən sonra verilən birgə bəyanatda Şimali Koreyanın nüvə silahları və ballistik raket proqramlarının BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğu vurğulanıb. Pxenyan BMT qətnamələrinə uyğun olaraq nüvə silahı və ballistik raket proqramlarına son qoymağa çağırılıb.