Vaxt.Az

Avropada demokratiyanın ən çox gerilədiyi 5 ölkə sıralanıb


 

Qanunun aliliyinin “demək olar ki, hər cəhətdən” qəsdən pozulduğu iddia edilir

Avropada demokratiyanın ən çox gerilədiyi 5 ölkə sıralanıb Avropa Vətəndaş Azadlıqları İttifaqı Bolqarıstan, Xorvatiya, İtaliya, Rumıniya və Slovakiyanın qitədəki demokratiyanı geri itələdiyinə dair yeni hesabat dərc edib.

İddia edilib ki, Avropada “demokratik tənəzzül” getdikcə dərinləşir, mediada tənqidlərə dözümsüzlük və qanunun aliliyini məhv etmək cəhdləri müşahidə olunur.

Hesabatla bağlı paylaşılan bəyanatda deyilir: “Effektiv tədbirlər görülməsə, Avropa Birliyi (AB) demokratiyanın daha da aşınması riski ilə üzləşir”.

AB-yə üzv 21 ölkədə 43 insan haqları təşkilatının birgə hazırladığı hesabatda dinc nümayişlərə və jurnalistlərə təzyiqlər, korrupsiya ilə mübarizənin səmərəsizliyi və siyasətin qanunlara təsiri diqqət çəkib.

Avropa Vətəndaş Azadlıqları İttifaqından Viktor Kazai 2019-cu ildən bəri hər il oxşar hesabatlar dərc etdiklərinə diqqət çəkib: “Qanunun aliliyi ilə bağlı hər şey son illərdə getdikcə daha ciddi problemlərlə üzləşir”.

Kazai, qanunun aliliyini məhv etmək üçün əhəmiyyətli addımlar atan ölkələri “dağıdıcı” kimi xarakterizə etdiklərini və onları ən çox narahat edən kateqoriyanın bu olduğunu söyləyib.

O izah edib ki, Bolqarıstan, Xorvatiya, İtaliya, Rumıniya və Slovakiya bu təsnifatda yer alan ölkələrdir.

Avropa Vətəndaş Azadlıqları Birliyi Brüsseli qanunun aliliyinin pozulmasına görə maliyyəni kəsməyə çağırıb.

Bildirilib ki, Almaniya və Fransa kimi “demokratiyanın rol modeli” kimi görünən ölkələrdə də oxşar problemlər az deyil.

Qeyd olunub ki, Fransada hökumətə parlamentin səsverməsi olmadan qanunlar qəbul etməyə imkan verən konstitusiyanın 49.3-cü bəndindən daha çox istifadə olunur. Paris 2024-dən əvvəl həyata keçirilən məhdudiyyətlər kimi ifadə azadlığına zidd bir çox inzibati tədbirlərin həyata keçirildiyi bildirilib.

 





17.03.2025    çap et  çap et