Osmanlının çətin vəziyyətində azərbaycanlılar da qardaş ölkənin müdafiəsində iştirak etmək üçün öz köməklərini əsirgəməyiblər. Yüzlərlə vətəndaşımız – həm əsgər, həm də zabit kimi Çanaqqala uğrunda gedən döyüşlərdə şəhid olub, lakin düşmən qüvvələrin yarımadanın daxilinə doğru hərəkətinə imkan verməyiblər.
Məhz Geliboluda düşmən qarşısının kəsilməsində Azərbaycanlılar da böyük rol oynayıblar. 3 mindən çox Azərbaycanlı məhz Geliboluda şəhid olub. Köməyə gedənlərin sayı isə 10 mindən çox olaraq qeyd edilir.
2023-cü il martın 18-də isə Çanaqqala Zəfərinin 108-ci ildönümünə həsr olunmuş anım mərasimində döyüşlərdə şəhid olmuş azərbaycanlı döyüşçülərin xatirəsinin əbədiləşdirən abidənin açılışı da bunu təsdiq edir.
Balkan müharibələri, Birinci Dünya müharibəsi, istərsə də Milli Mücadilə dövründə Osmanlı ordusuna könüllülər qoşulmaqla yanaşı, həm də Azərbaycandan onlara müxtəlif yardımlar da göndərilib. Rusiya hakimiyyət orqanlarının ciddi nəzarətinə baxmayaraq, Azərbaycan xalqı hər çətinlikdə Osmanlı dövlətinin yanında oldu və ona yardım edib.
Türkiyə Cümhuriyyətinin qurulmasında da azərbaycanlıların maddi və hərbi yardımı, döyüşçülərimizin rolu böyük olub..
Bu gün 18 mart Çanaqqala Dəniz Zəfəri eyni zamanda Osmanlıların, Atatürkün yanında olan Azərbaycan şəhidlərinin və döyüşçülərinin də qələbəsidir. Onların da anım günüdür.
Çanaqqala zəfərindən sonra ingilis ordusuna rəhbərlik edən general Tavshendin xatirələri: “Avropada elə bir əsgər yoxdur ki, türklərlə müqayisə edilə bilsin. Misal üçün, Gеlibоlunu göstərmək istəyirəm. Orada bizim gəmilərdən açdığımız atəş nəticəsində səngərlər yerlə yeksan оldu. Türklər deyil, başqa millətdən olan əsgərlər olsaydılar, buna dözməyib səngərləri tərk edərdilər. Amma türk əsgərləri sona kimi bu cəhənnəmdəki mövqelərini tərk etmədilər”.
Azərbaycanın birinci Qarabağ müharibəsi, 44 günlük müharibəsi dövründə də bizim döyüşçü əsgərlərimiz Çanaqqala savaşında olduğu kimi sona kimi od və alovun içində savaşırlar. Cəmi 44 gün ərzində isə irəli gedərək torpaqlarımızı işğaldan azad ediblər.
Şuşanın azad edilməsi, Xankəndi döyüşləri, Fizuli, Cəbrayıl və Zəngilan və digər yerlərdə baş verən döyüşlər bir daha general Tavshendin 1915-ci ildə Geliboluda olan döyüşlərdə şücaət göstərən Azərbaycanlıları təsvir edir.
Xarici hərbi ekspertlər 44 günlük müharibədə gördüklərini belə yazırlar:
“Hərb tarixində inanılmaz döyüş səhnələri baş verirdi, sinəsindən güllə zərbəsi alan əsgərlər, ağır yaralı döyüş dostlarını çiyinlərinə alıb, döyüşə davam edirdilər. Ağır yaralı əsgərlər düşmənə qarşı irəli getməkdə israrlı idilər. Dırnaqları, barmaqları ilə keçilməz yerləri aşan Azərbaycan əsgəri Vətənləri üçün odun içindən keçirdilər”.
Qələbələr döyüşçülərin sayəsində əldə edilir. Necə ki, 1915-ci ildə Çanaqqala zəfəri, eləcə də 2020-də Qarabağ zəfəri kimi!!
2025-ci ildə Çanaqqala zəfəri eyni zamanda Azərbaycanda ilaxır çərşənbə gününə düşür. Ulu Yaradandan arzu edək Zəfərlərimiz daimi olsun, Azərbaycan və Türkiyənin bayrağı bir daha yerə enməsin..
Qara dəniz, Xəzər dənizi bayraqlarımıza baxıb daima çırpınsın
Zəfərli çərşənbəmiz mübarək Azərbaycan və Türkiyə...