Vaxt.Az

Həbs olunan «nurçular» Gülən tərəfdarları deyil


 

«Hizmət» hərəkatının rəqibləri olan «sunqurçular» Səid Nursinin digər tələbəsi olan Mustafa Sunqurun camaatındandırlar; saxlanan 41 nəfərdən ikisi həbs olundu; DQİDK müsadirə olunan dini kitabların ekspertizasını keçirəcək

Həbs olunan «nurçular» Gülən tərəfdarları deyil Xəbər verdiyimiz kimi, aprelin 12-də DİN əməkdaşları Yasamal Rayon Xıdır Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində əməliyyat keçirib. DİN rəsmi məlumatında bildirilir ki, qeyd olunan ünvanda «nurçuluq» dini təriqətinin «sunqurçular» cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlıdır) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib. E.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompüter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb. Araşdırma aparılır.

«Anspress»in məlumatına görə, polisin xüsusi əməliyyat keçirdiyi X.Mustafayev 216 saylı evdə 17 nəfər qeydiyyatda olub. Evin sahibinin Hacı ləqəbli şəxs olduğu deyilir. Həbs edilənlərin əksəriyyəti dövlət orqanlarında çalışırlar. Lakin 2 mərtəbəli bina yaşayış evindən çox dini ocaq kimi fəaliyyət göstərirmiş. Polis binada xidmət aparıb və jurnalistlərin binaya daxil olmasına imkan verməyib. Şahidlərin ANS-ə bildirdiyinə görə, iki mərtəbəli bina mədrəsə kimi fəaliyyət göstərirmiş. Polisin əməliyyatından sonra bina polis tərəfindən mühafizə olunur. Ərazidə yaşayan sakinlər bildiriblər ki, evdə ibadətlə məşğul olanlar hansı təriqətə mənsub olduqlarını gizlətməyiblər.

Qeyd edək ki, son zamanlar Azərbaycan mediasında adı çox hallanmağa başlayan «nurçuluq» kəlməsi Türkiyədə ötən əsrin 60-cı illərində ruhani lider Səid Nursinin adı ilə bağlıdır. Hələ sağlığında S.Nursinin tələbələri onun 130 məktubu («Nur risalələri») üzərində cərəyan qurublar. Ancaq S.Nursinin ölümündən sonra cərəyan daxilində bölünmə yaranıb və tələbələri müxtəlif adlarla ayrıca camaatlar yaradıblar. Ancaq bütün bu camaatlar fərqli adlarla tanınsa da, hər birinin üzərində «nurçu» adı qalıb. Yasamalda həbs olunan «sunqurçular» Səid Nursinin yaxın adamlarından və şagirdlərindən biri olan Mustafa Sunqur camaatındandırlar. Bizim bildiyimiz Fətullah Gülən camaatına onların aidiyyatı yoxdur. Hətta, «sunqurçular» gülənçilərlə bir-birinə əksdirlər. Bu baxımdan, əgər həbs olunanlar, DİN-in də açıqladığı kimi, «Sunqurçular»dırlarsa, o zaman onlar Fətullah Gülən tərəfdarları deyillər. Tam əksinə, onların Azərbaycandakı və türkiyədəki rəqiblərindən sayılırlar. 

1929-cu ildə Türkiyənin Eflani bölgəsində dünyaya gələn Mustafa Sunqur Kastamonu Gölköy İnstitutunda müəllimlik ixtisasına yiyələnib və bir müddət dərs deyib. Daha sonra Səid Nursi ilə tanış olan M.Sunqur onun ən yaxın köməkçisi və silahdaşı olub. Səid Nursinin öldüyü günə qədər (S.Nursi 1960-cı ildə dünyadan köçüb - K.R.) Mustafa Sunqur onun ən yaxın köməkçisi olub və hərəkata xidmət edib. Səid Nursinin ölümündən sonra «nur tələbələri» arasında baş verən bölünmədən sonra Mustafa Sunqurun rəhbərlik etdiyi  »Sözlər» qrupu yaranıb. Ayrıca bir camaat kimi formalaşan «Sözlər» qrupu eyni zamanda «Mustafa Sunqur camaatı» və ya sadəcə «sunqurçular» kimi də tanınır. Mustafa Sunqur bir neçə dəfə Azərbaycana da gəlib. Paytaxt Bakıda olub və şimal bölgələrinə səfər edib. Mustafa Sunqurun Bakıda, eləcə də Azərbaycanın bəzi şimal bölgələrində tərəfdarlarının olduğu haqda məlumatlar daha əvvəl də mediada yayılıb. «Sunqurçular» daha çox evlərdə toplaşır, bəzi məlumatlara görə, əsasən Səid Nursinin əsərlərini «Risaleyi Nur» oxuyur, birgə ibadətlər təşkil edirlər. Mustafa Sunqur 2012-ci il dekabrın 1-də İstanbulda vəfat edib.

Artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi «nurçu» məsələsi ilə bağlı hərəkətə keçib. Komitədən APA-ya bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı müvafiq sahələr üzrə ekspert qismində iştirak edib. Məlum olub ki, «nurçu» təriqətinin «Mustafa Sunqur camaatı» və ya «klassik» kimi tanınan cərəyanın nümayəndələrinin birgə toplaşdığı həmin ünvanda dini fəaliyyətlə məşğul olmaq üçün Komitəyə heç bir müraciət daxil olmayıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı toplanan dəlillərin müvafiq ekspertizasının nəticələrinə əsasən, məhkəmə qaydasında «Dini etiqad azadlığı haqqında» qanunun 12-ci maddəsinin müvafiq tələbinin («bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər») pozulmasına münasibət bildiriləcək.

Eyni zamanda sözügedən ünvanda əməliyyat zamanı götürülmüş dini ədəbiyyat Dövlət Komitəsində müvafiq dinşünaslıq ekspertizasından keçiriləcək və həmin ekspertizanın nəticələrinə əsasən, bu ədəbiyyatın əldə olunması, istehsalı (və ya idxalı), həmçinin istifadəsinin qanunauyğunluğu barədə rəy bildiriləcək.

Qeyd edək ki, Azərbaycanda daha əvvəl «nurçu» ədəbiyyatlarına maneələr olmayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir qayda olaraq «nurçu» ədəbiyyatlarına qadağa qoymayıb. Həm Rafiq Əliyevin, həm də Hidayət Orucovun sədrliyi dövründə qadağan olunan ədəbiyyatlar sırasında «nurçu» kitabları olmayıb. Yalnız son illərdə «nurçu» kitablarına qadağa qoyulmağa başlayıb. Əldə etdiyimiz məlumata görə, Elşad İskəndərov komitəyə sədr gəldikdən sonra «nurçu» ədəbiyyatlarının çapına lisenziya verilməsi dayandırılıb.

Günün sonunda Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov «Media forum» saytına açıqlamasında deyib ki, «nurçu»lara qarşı keçirilən əməliyyat zamanı saxlanılanlardan iki nəfər barəsində həbs qərarı çıxarılıb.

Əsədov həbs olunanların ad-soyadını, nədə ittiham olunduqlarını və hazırda harada saxlandıqlarını açıqlamayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də geniş məlumat almaq mümkün olmayıb. (musavat.com)

 





14.04.2014    çap et  çap et