Vaxt.az Nazirlər Kabinetinin saytına istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən payları dövlətə məxsus «BakuBus» Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılması qərara alınıb. Qərara əsasən, cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və cəmiyyət tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması məqsədi ilə həmin cəmiyyətə Azərbaycanın 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30 milyon manat məbləğində vəsait ayrılacaq.
Maliyyə Nazirliyinə bu qərarla ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin etmək, Nəqliyyat Nazirliyinə (NN) isə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə birlikdə cəmiyyətə məxsus avtobusların marşrutlarını və hərəkət qrafiklərini müəyyən etmək tapşırılıb.
Bakı Şəhər İcra Hakimiyyəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada «BakuBus» MMC-nin nizamnaməsinin təsdiq edilməsini, dövlət qeydiyyatına alınmasını və icra orqanlarının yaradılmasını təmin etsin və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə ən azı 200 ədəd iritutumlu avtobusun saxlanması məqsədilə avtonəqliyyat parkları (qarajları) üçün yerin ayrılmasını 1 ay müddətində təşkil edəcək.