Vaxt.Az

Yanacağı bitənlərin qanacağı ...


 

... Yaxud Şərin qələbəsinə xidmət edən şəhər

Yanacağı bitənlərin qanacağı ... Bizim bəzi ekspertlərimiz bir neçə gün öncə Stiv Uitkoffun təyyarəsinin gecənin gec saatlarında yanacaq doldurmaq üçün Bakı Hava Limanında eniş etməsini onun Bakının Tramp-Putin görüşü üçün potensial məkan kimi nəzərdən keçirildiyinə görə paytaxtımıza danışıqlar aparmaq məqsədilə gəlməsi kimi təqdim edirdilər.

Ancaq S.Uitkoff isə bu gün “Bloomberg”ə verdiyi açıqlamada sözügedən görüşün Səudiyyə Ərəbistanında baş tutacağını bildirib. Bu görüş Səudiyyənin maliyyə paytaxtı sayılan Ciddə şəhərində keçirilə bilər.

Və burada təəccüblü heç nə yoxdur. Qlobal siyasət mərkəzləri sırasına daxil olmayan belə bir şəhərdə ABŞ və Rusiya liderlərinin görüşməyə qərar verməsi gözlənilən idi. Çünki Ciddə psixoloji baxımdan onların hər ikisinə də münasib məkandır.

Axı Tramp da, Putin də müharibəyə qazanc mənbəyi kimi baxır. Biri ölkəsinin iqtisadi və geosiyasi qazancları barədə düşünür, digəri isə bu müharibədən maksimum uduşlu çıxmağa və Ukraynanı tam olaraq öz nəzarətinə keçirməyə çalışır. Bu baxımdan Ciddə onların hər ikisinin də profilinə və niyyətlərinə uyğun gəlir.

P.S. Ukraynanın bölüşdürülməsinə xidmət edən belə bir toksik görüşün Bakıda keçirilməməsi əslində daha yaxşıdır. Qoy bu gözəl paytaxtımız gələcək nəsillər tərəfindən tarixdə Şərin qələbəsinə xidmət edən şəhər kimi xatırlanmasın.

 





19.03.2025    çap et  çap et