Marko Rubio Pekini qızdıracaq daha bir addım atıb. O Tibetin mühacirətdə olan “prezidenti” Penpa Tserinqə məktub göndərib. Məktubda ABŞ-ın tibetlilərin insan haqlarını təşviq etmək və qisas almaq qorxusu olmadan öz fundamental azadlıqlarını həyata keçirməkdə, o cümlədən dinc, ləyaqətli həyat sürməkdə kömək etməkdə sarsılmaz öhdəliyini təkrarlayıb. Bu məktub ABŞ-ın Tibet məsələsinə davamlı dəstəyinin nümayişi kimi qiymətləndirilib. Tibet “prezidenti” bildirib ki, Mərkəzi Tibet Administrasiyasının məqsəd və proqramları ABŞ-ın hazırkı hökumətinin məqsədlərinə və ən əsası Tibet xalqının daha böyük ambisiyalarına uyğun olmalıdır. Mərkəzi Tibet Administrasiyasının açıqlamasında USAİD-in yardımının dayandırılmasına baxmayaraq, ABŞ -ın bir çox platformalarda Tibetə dəstəyinin davam edəcəyi vurğulanıb.
Marko Rubio Donald Trampın razılığı olmadan Tibetin “prezidentinə” məktub yaza bilməzdi. Çünki, Ağ Ev sahibi bilməliydi ki, bu məktuba Pekin sərt münasibət bildirəcək. Tibetin mühacir hökumətinin “rəhbərinin” 60 ildə ilk dəfə 2020-ci ildə Vaşinqtona səfərə dəvət olunması da Pekində böyük narazılıq yaratmışdı. 5 il əvvəl Ağ Ev və Dövlət Departamentində görüşlər təşkil edilmişdi. Tibetin mühacir hökuməti Hindistan ərazisində yerləşib. Pekin onları separatçı hesab edir. Görünür, Vaşinqton Tibetin mühacir hökuməti ilə əlaqələri genişləndirmək üzərindən də Pekinə təzyiqi artıracaq.