Vaxt.Az

Maksın maksimumu ...


 

Dövrələrin sayı çatsa, Oskar qalib ola bilər

Maksın maksimumu ... Hə, mövsüm qızışır. Artıq ikinci “Formula 1” Qran Prisində poul uğrunda, hətta sprintin poulu olsa belə, sıx mübarizə görmək çox xoşdur.

Əlbəttə, heç kim, xüsusən də keçən yarışdakı zəif çıxışından sonra bu gün sprintin sıralanma turunda Lyuis Həmiltonun fərqlənəcəyinə ümid etmirdi. Amma 7 qat dünya çempionu bir daha təcrübənin daha böyük rol oynadığını sübut etdi. Lyuis ideala yaxın (elə bəlkə də İDEAL) bir dövrə vurdu, rəqiblərinə mesaj göndərdi ki, mənim barıtxanamda hələ barıt var. Lyuis sabah karyerasında ikinci dəfə sprintdə pouldan start alacaq və bunu ilk qələbəsinə çevirməyə çalışacaq. Sözün düzü yeni komandasında əla nəticə olardı.

Maks Ferstappen yenə də maşının maksimumunu çıxardı – yavaş orta sektorda rəqiblərinə uduzsa da, xüsusən də son sektorda əlindən gələni etdi, amma Lyuisə çox cüzi uduzdu. Sabah Lyuisin sprintdə ilk qələbəsini qazanmağa ən real namizəd Maks olacaq – xatırladım ki, arxada qalan 18 sprintdə Maksın 11 qələbəsi var.

Oskar Piastri sessiyada qələbəyə əsas namizəd olan komanda yoldaşından fərqli olaraq, çox cüzi səhvlərə yol verdi və yekunda növbəti poulu əldən verdi. Əlbəttə, sabahkı yarışda qələbəyə əsas namizədlərdən biri də odur. Düzdür, bunu etməyə dövrələrin sayı çatmaya bilər.

İstənilən halda, ümid edirəm ki, sabahkı sprint də, əsas sıralanma turu da belə maraqlı və nəfəskəsən olacaq.

P.S. Mini-DRS-ə görə “McLaren”in zəifləməsini düşünməyin, çünki sıralanma turunda iki əsas düzlükdə hamı onsuz da əsas DRS-dən istifadə edirdi, əsas fərqi yarışda görəcəyik.

 





21.03.2025    çap et  çap et