Vaxt.Az

Həm ali nitq, həm ibtidai dil


 

“Poeziya – ilhamdır, nəfəsdir, bədənin tərbiyəsidir”

Həm ali nitq, həm ibtidai dil Bu gün Beynəlxalq Poeziya Günüdür.

Böyük Oktavio Pas poeziya haqqında belə yazırdı: “Poeziya – bilgidir, ruhun qurtuluşudur, gücdür, özünü unutmadır. Poetik akt dünyanı dəyişdirməyə qadirdir, çünki təbiəti etibarilə inqilabidir: o, ruhani məşqdir, daxili azadlığa aparan yoldur.

Poeziya bu dünyanı mənalandırır, onu ucaldır; amma başqa bir dünya da yaradır.

Poeziya – seçilmişlərin çörəyidir, çətin udulan loxmadır.

Poeziya həm ayırır, həm də birləşdirir.

Poeziya – həm səyahətə dəvətdir, həm də vətənə qayıdışdır.

Poeziya – ilhamdır, nəfəsdir, bədənin tərbiyəsidir.

Poeziya – səhrada duadır, mövcud olmayanla ünsiyyətdir: o, sıxıntıdan, ağrıdan və ümidsizlikdən qidalanır. O, duadır, peşmanlıqdır, epifaniyadır, fenomendir.

Poeziya – ovsundur, cadudur, magiyadır. O – sublimasiyadır, kompensasiyadır, təhtəlşüurun konsentrasiyasıdır.

Poeziya – irqi, milli və sinfi şüurun tarixi ifadəsidir. Poeziya tarixi inkar edir, bütün konfliktlər onda həll olunur və axırda insan başa düşür ki, o tarixin əlində oyun-oyuncaq olan elə-belə bir fani deyil.

Poeziya – təcrübədir, hissdir, həyəcandır, fəhmdir, istiqamətləndirilməmiş düşüncədir. Poeziya – həm təsadüfün uşağıdır, həm də hesablamağın meyvəsidir.

Poeziya – həm ali nitq hadisəsidir, həm də ibtidai dildir. O – həm qaydalara tabe olmaqdır, həm də yeni qaydalar yaratmaqdır. O – əcdadları yamsılamaq, gerçəkliyin üzünü çıxartmaq, İdeyanın kopyasının kopyasıdır. Çılğınlıqdır, ekstazdır, Loqosdur. O – uşaqlıq dünyasına qayıdışdır, itirilmiş cənnət üçün xiffətdir, cənnətdə cəhənnəm arzusudur. Oyundur, işdir, asketlikdir. Etirafdır. Anadangəlmə qabiliyyətdir. Görüntüdür, musiqidir, simvoldur. O – analogiyadır: poeziya içindən kainatın səsi gələn balıqqulağıdır, onun ritmləri, ölçüləri universal harmoniyanın əks-sədasıdır.

Poeziya – təlimdir, mənəviyyatdır, tədrisdir, vəhydir, rəqsdir, dialoqdur, monoloqdur.

Poeziya – xalqın səsi, seçilmişlərin dili, münzəvilərin sözüdür. Saf və murdardır, müqəddəs və lənətlənmişdir, xəlqi və elitardır, çılpaq və geyimlidir, şifahidir, yazılıdır, rəsm olunandır, o bütün sifətləri özündə birləşdirir, amma bəziləri deyirlər ki, onun öz çöhrəsi yoxdur, çünki poeziya boşluğu gizlədən maskadır – insanın gördüyü bütün işlərin şişirdilmiş böyüklüyünə parlaq bir sübut!”

 





21.03.2025    çap et  çap et