Bu mənada, baş verənlərin 2013-cü ilin “Gezi Parkı” prosesi ilə müqayisə edilməsində haqlılıq payı var. Həmin dövrdə Gezi Parkındakı söküntü işlərinə etiraz olaraq başlayan hadisələr Ərdoğanın AKP hökumətinə qarşı genişmiqyaslı nümayişlərə çevrilmiş və etirazlar 2 aya yaxın davam eləmişdi. Lakin Ərdoğan hökuməti üsyanları yatırtmağı bacardı və daha sonra bir sıra hüquqi dəyişiklilər edərək, siyasi sistemdəki gücünü artdı.
“Gezi Parkı” üsyanlarının uğursuzluğunun əsas səbəbi hadisələrə yön verən siyasi liderin olmaması idi. Hazırkı nümayişlər isə İmamoğlu tərəfindən qiyabi olaraq yönləndirilir. Eyni zamanda, mövcud Ərdoğan hökuməti də 2013-cü ildəki kimi güclü deyil və iqtisadi çətinliklər AKP-nin sosial bazasını həqiqətən də ciddi şəkildə zəiflədib.
31 mart 2024-cü ildə keçirilmiş bələdiyyə seçkilərində CHP-nin birinci partiya olması daxildə müxalifətin yüksəlişdə olduğunun ən bariz göstəricisi idi. Aydındır ki, Türkiyənin beynəlxalq müstəvidə, xüsusilə Qərb nəzdində strateji önəminin artdığı bir dövrdə Ərdoğan daxildə zəifləyən mövqelərini yenidən gücləndirməyə çalışır. Təhlükəsizlik qayğılarına başı qarışan böyük güclərin Türkiyədə hakimiyyət dəyişikliyinə “stavka etməsi” gözlənilən deyil. Yəni, daxili vəziyyət müxalifətin, beynəlxalq vəziyyət isə iqtidarın xeyrinədir. Belə bir situasiya, açıq qarşıdurmanı qaçılmaz edir.
Türkiyə elə bir ölkədir ki, nə iqtidar məhkəmə vasitəsilə müxalifətin yüksəlişini önləyə bilər, nə də müxalifət küçə nümayişləri vasitəsilə iqtidarı devirə bilər. Ona görə də, əsas məsələ “qapalı” sövdələşmələr fonunda, tərəflərdən hansının daha çox güzəştə getməsi olacaq. Yəqin ki, iqtidarın əsas gözləntisi İmamoğlunun indiki mərhələdə öz siyasi iddialarından əl çəkməsidir. Şübhəsiz ki, İmamoğlunun da bir gözü küçədədir, nümayişlərin gedişatına görə addımlarını seçəcək. Məlumdur ki, birjadakı itkilər və Yaxın Şərqdəki xaotik vəziyyət hökumətin uzunmüddətli daxili qarışıqlığa qarşı müqavimət imkanlarını zəiflədir.
Hələ ki, başlanğıc mərhələsində olan hazırkı prosesin Türkiyə siyasi həyatının növbəti 5 ilinə yön verəcəyi ehtimalı güclüdür.