Vaxt.Az

23 milyardlıq investisiya proqramı zay oldu


 

Hindistanın Çinə qarşı “meqa” addımı məyusluqla başa çatır

23 milyardlıq investisiya proqramı zay oldu Hindistanın Çin sənayesinə rəqib olmaq üçün 23 milyard dollarlıq investisiya proqramı dayandırılıb. “Reuters” xəbər verir ki, Hindistanda yerli istehsalın artırılmasına yönəlmiş təşviq proqramının uzadılması ölkə lideri Narendra Modi tərəfindən ləğv edilib.

“Apple” üçün hissələri istehsal edən Tayvanda yerləşən “Foxconn”un Hindistan firması da daxil olmaqla, təxminən 750 şirkət “Manufacturing Initiative” proqramından faydalanmaq üçün müraciət etmişdi. Şirkətlər arasında Hindistanın enerji və telekommunikasiya nəhəngi “Reliance Industries” var idi.

Modi administrasiyası istehsal hədəflərini və çatdırılma müddətlərini yerinə yetirdikləri təqdirdə şirkətlərə nağd pul ödəməyi planlaşdırmışdı. İlin sonuna kimi istehsal sənayesinin iqtisadiyyatda payının 25 faizə çatdırılması hədəflənib.

Bununla belə, proqramda iştirak edən bir çox şirkət istehsalata başlaya bilməyib, hədəflərinə çatan şirkətlər isə Yeni Dehli hökumətinin subsidiyaları ödəməkdə gecikdiyini bildirirlər.

Ticarət Nazirliyinin məlumatlarına görə, proqramda iştirak edən şirkətlər 2024-cü ilin oktyabrına 151,93 milyard dollar dəyərində məhsul istehsal ediblər ki, bu da hökumətin hədəfinin 37 faizinə uyğundur. Hindistan stimullaşdırıcı ödənişlər üçün cəmi 1,73 milyard dollar ödəyib ki, bu da proqrama ayrılan vəsaitin 8 faizindən azdır.

“Reuters” yazır ki, plan “məyusedici” nəticələr verdi. Bildirilir ki, proqram 4 il əvvəl həyata keçiriləndən indiyədək istehsal sənayesinin iqtisadiyyatda payı 15,4 faizdən 14,3 faizə düşüb.

Proqram çərçivəsində əczaçılıq və cib telefonu sektorlarında istehsalın artırıldığı, lakin polad, tekstil, qida və günəş enerjisi panelləri kimi kritik sənayelərdə uğurun əldə olunmadığı bildirilir. Hindistan xüsusilə bu sektorlarda daha ucuz məhsullar istehsal edən Çinlə rəqabət aparmaqda çətinlik çəkir.

Çinin istehsal gücü ilə mübarizə aparmaq üçün pandemiya dövründə investisiya təşviqi başladıldı. O zaman Çin sərt karantin qaydalarını tətbiq edən “sıfır Covid” siyasəti səbəbindən istehsalı saxlamaqda çətinlik çəkirdi.

Adının açıqlanmasını istəməyən Hindistan rəsmiləri Modi administrasiyasının öz məqsədlərindən əl çəkmədiyini və alternativ proqramlar üzərində işlədiyini bildirir. Mənbələr bürokratik əngəllərin şirkətlərin ödənişini çətinləşdirdiyini də bildirir.

Dehlidə yerləşən Sosial İnkişaf Şurasının ticarət eksperti Biswajit Dhar, Modi hökumətinin “son qatarı əldən verməmişdən əvvəl” xarici investorları cəlb etmək üçün yeni planlar hazırlamalı olduğunu söylədi.

Təşviq proqramı, yəqin ki, istehsal sektorumuzu canlandırmaq üçün son şansımızdır. Əgər belə bir meqa proqram uğursuz olarsa, nəyinsə işləyəcəyini gözləmək olarmı?

 





22.03.2025    çap et  çap et