V.Talıbovun yalnız ən yaxın ətrafının bildiyi və az qala dövlət sirri kimi qorunan bu xəbərin hansı səbəbdən mediaya sızdırıldığı ilə bağlı müxtəlif versiyalar var. Əsas versiya ondan ibarətdir ki, Azərbaycan prezidentinin Naxçıvana ötən həftə etdiyi iki günlük səfər zamanı bu məsələ də V.Talıbovla ciddi müzakirə edilib və müəyyən razılaşmalar olub. V.Talıbovun getmək arzusu çoxdandır və bunun daha çox Ali Məclis sədrinin səhhəti ilə bağlı olduğu deyilir.
İddialara görə, V.Talıbov yüksək qan təzyiqindən və şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Onun son zamanlar xeyli arıqlamasının da səhhətindən yaranmış problemlərlə bağlı olduğu söylənilir. Məlumatlarda o da deyilir ki, V.Talıbovun hakimiyyətdən çəkilmək qərarı verməsini onun Naxçıvan Muxtar Respublikası rəhbərliyində ciddi dəyişikliklərə başlaması da təsdiqləyir.
Bildirilir ki, V.Talıbov özündən sonrakı dönəmdə ona qarşı çıxa biləcək məmurları indidən neytrallaşdırır. Bir müddət əvvəl Naxçıvanın kənd təsərrüfatı naziri Məmməd Abbasovun işdən çıxarılması məhz V.Talıbovun istəyi ilə olub. MR-in daxili işlər naziri Əhməd Əhmədovun da yola salınması ərəfəsində olduğu deyilir. Belə xəbərlər var ki, V.Talıbov onun yerinə qohumu Səbuhi Novruzovu və ya muxtar respublika ədliyyə nazirinin müavini Elnur İsmayılovu gətirmək istəyir, hətta bununla bağlı artıq razılaşma da var.
Prezidentin Naxçıvan səfərindən sonra yayılan bu xəbərdə ən ilginc məqam V.Talıbovun yerinə gətirmək istədiyi şəxslə bağlıdır. Naxçıvan kuluarlarında danışılır ki, Ali Məclis sədri bu posta kiçik oğlu Seymur Talıbovu gətirmək istəyir. Naxçıvan rəhbərliyində başlayan «təmizləmə»nin bu məsələdə ona mane ola biləcək məmurların zərərsizləşdirilməsi əməliyyatı olduğu ehtimal edilir. Qeyd edək ki, Seymur Talıbov hazırda Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və xarici dillər fakültəsində dərs deyir və beynəlxalq münasibətlər kafedrasında baş müəllim vəzifəsində çalışır. S.Talıbov bugünlərdə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib və bu xəbər KİV-lərdə geniş reklam edilib.
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının üzvü olan S.Talıbovun Ali Məclis sədri kürsüsünə sahib olacağı xəbəri ola bilsin ki, nəbz yoxlanması məqsədi ilə yayılıb. Çünki hər nə qədər V.Talıbovun kölgəsi üzərində olsa da, hakimiyyət üçün ən əhəmiyyətli region olan Naxçıvanın gənc və idarəçilik təcrübəsi olmayan birinə həvalə ediləcəyi indilikdə real görünmür. Aydındır ki, V.Talıbov hakimiyyətdən çəkiləcəyi təqdirdə də Naxçıvanda təsir rıçaqlarını əlində saxlamaq niyyətindədir. Hakimiyyət də təbii ki, Naxçıvanı Talıbovun nəzarətindən birdəfəlik almaqda maraqlı deyil. Amma V.Talıbovun yerinə oğlunu oturtmaq niyyəti ciddidirsə, bu, artıq mərkəzi hakimiyyətlə qarşıdurmaya da gətirə bilər.
Hakimiyyətin Ali Məclis sədri postuna namizədləri sırasında ən müxtəlif adlar çəkilir. Nəzərə almaq lazımdır ki, Prezident Administrasiyası rəhbərinin 4 müavini Əli Əsədov, Zeynal Nağdəliyev, Novruz Məmmədov və Vahid Əliyev naxçıvanlıdır və onların hər birinin Ali Məclis sədri olmaq şansı var. Namizədlər sırasında ara-sıra Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun da adı çəkilir ki, ekspertlər bu versiyanı o qədər də ciddi hesab etmirlər. İstisna deyil ki, Naxçıvan qruplaşması ilə gərgin münasibətləri olan hakimiyyətdəki ikinci soyadın da bu post boşalarsa öz sirli namizədi olsun...
Azərbaycanın ən qüdrətli və odioz məmurlarından olan V.Talıbovun vəzifəsindən könüllü çəkilməsi maraqlıdır ki, hakimiyyətdaxili qruplaşmaların planları ilə də üst-üstə düşür. Əvvəla, Vasif Talıbovun neçə illərdi ayrı-ayrı məmurlarla şəxsi münasibəti gərgindir və bəzilərini hətta özünə düşmən bilir. O, Naxçıvanın qapılarını mərkəzi hakimiyyətdə söz sahibi olan bir çox nüfuzlu nazirlərin, hətta əslən naxçıvanlı olan qüdrətli oliqarxların üzünə bağlayıb. Mərkəzi hakimiyyətdə təmsil olunanlar da V. Talıbovdan narazıdırlar və fürsət düşdükcə onunla «haqq-hesab» da çəkirlər. Məsələn, onun doğma xalaoğlusu ötən ilin avqustundan həbsdədir və V.Talıbov bunu özünə qarşı qurulmuş iş hesab edir.
İkinci tərəfdən, V.Talibov özünün sərt, dünya mediasının və beynəlxalq təşkilatların tənqid hədəfinə çevrilən idarəçilik metodları ilə tanınır. Bu da hakimiyyətə daha ciddi problemlər yaradır. V.Talıbovun «fəxri istirahətə çəkilməsi» bu mənada da hakimiyyətin işinə yarayır.
Xəbərlə bağlı danışan Naxçıvandakı mənbəmiz iddia edib ki, V.Talıbovun zülmündən bezənlər Ali Məclis sədrinin vəzifədən getməsi üçün hətta qurban da deyiblər. «Amma hazırda muxtar respublikadakı durum elədir ki, Talıbovun vəzifədən getmək xəbərinə belə çox ehtiyatla yanaşılır, bunu hətta «xan»ın öz oyunu hesab edənlər də var» deyə, qaynağımız bildirib. («Yeni Müsavat»)