Lyuis Həmilton skeptiklərin hamısının cavabını birdən verdi – gözəl start, yarışa əla nəzarət və təkərlərdən mükəmməl istifadə. Ümumilikdə isə həm rəqiblərinə, həm də komanda yoldaşına master-klas. Ferrari maşını Lyuisin ən əsas bacarığı ilə, təkərləri qorumaq ustalığı ilə ciddi silah olacaq. Yekunda isə sevimli traslarından birində Lyuis qırmızı kombinezonda və karyerasında ilk sprint qələbəsinə sevindi.
Oskar Piasrtinin gücü isə sadəcə təkərləri tam ölmüş rəqibi keçməyə çatdı – “McLaren” bu dəfə təkərlərini “Ferrari” (oxu Lyuis Həmilton) qədər qoruya bilmədi. İkinci yerə yüksələndə Lyuislə fərq cəmi 3 saniyəyə yaxın idi, amma finişdə artıq 7 saniyəyə çatmışdı.
Maks Ferstappen startda yerindən yaxşı tərpənmişdi, amma Lyuis onun qarşısını kəsdi və niderlandlı sürücü sadəcə mövqeyini Oskardan qorumağa çalışdı. Bundan sonra bir neçə dövrə Lyuisin tempində gedə bildi, eyni zamanda, Oskardan da uzaqlaşmışdı. Amma RB21 sələfindən təkər iştahası üzrə fərqlənmir – artıq 10 dövrədən sonra təkərlər, xüsusən də ön təkərlər artıq ölmüşdülər. Hələ yaxşı ki, arxasındakı rəqiblərin başı öz aralarında mübarizəyə qarışmışdı, yoxsa onlar da uzun düzlükdə asanlıqla Maksı keçə bilərdilər.
Düşünürəm ki, bu gün əsas sıralanma turunda da, sabah yarışda da mübarizə məhz “McLaren” və “Ferrari” sürücüləri arasında gedəcək. Ona görə də saat 10:55-dən etibarən İdman TV-də CANLI yayıma qoşulmağı unutmayın (saat 10:00-dan etibarən isə sprintin yazısı veriləcək).
Hazırda turnir cədvəlində Lando Norrisi Maksdan cəmi 2 xal ayırır, “McLaren” komandası isə “Mercedes”i 1 xal üstələyir...