Vaxt.Az

Min illik düstur


 

Siyasi sistemlərdə “güclü lider”in aktuallaşması böyük müharibənin daha bir xəbərçisi sayıla bilər

Min illik düstur Demokratiyanın tənəzzülü bu günün reallığıdır. Bunu inkar etmək mümkün deyil. Demokratik tənəzzül sözsüz ki, avtoritar və hibrid rejimlərdə daha sürətli gedir, amma ABŞ başda olmaqla, demokratiyaların oturuşduğu Qərb ölkələrində də bu prosesin təzahürləri aşkar hiss edilir.

Dünyada tüğyan edən təhlükəsizlik problemləri, xaotik vəziyyət siyasi sistemlərin getdikcə qapanmasının və tək adam rejimlərinin güclənməsinin əsas təkanverici qüvvəsi sayılır. Qədim Romada ölkə xüsusi təhlükəsizlik problemi və ya fövqəladə vəziyyət ilə üzləşəndə stabilliyi bərpa etmək məqsədilə seçilmiş bir şəxsə (magistratus) “Roma diktatoru” statusu altında müstəsna səlahiyyətlər verilirdi. Yəni, “qanuni diktator” Qədim Romanın siyasi həyatının bir parçası idi. Təbii ki, müasir siyasi rejimlərdə “diktatura” zorbalıq və qeyri-legitim yollarla təsis edildiyinə görə, birmənalı olaraq mənfi reputasiya daşıyır. Metodlar fərqli olsa da, təhlükəsizlik problemlərinin “güclü lider” ehtiyacını yaratması Qədim Romadan günümüzədək aktuallığını qoruyan düsturdur. Ona görə də, dünyadakı siyasi sistemlərdə “güclü lider”in aktuallaşması böyük müharibənin daha bir xəbərçisi sayıla bilər.

Digər tərəfdən, ABŞ-ın “demokratiya ixracı” ilə bağlı 80 illik siyasətinin dəyişməsi də qlobal miqyasda demokratiyanın gündəmdən düşməsini qaçılmaz edir. Əvvəllər demokratiyalar ABŞ-ın müttəfiqinə çevrilmək, iqtisadi inkişaf əldə etmək üçün cəzbedici idisə, artıq bu reallıq da dəyişib. İndi “güclü liderlər” dövrüdür, barizdir ki, ABŞ-ın mövcud rəhbərliyi də “güclü liderlər” ilə işləməyə üstünlük verir.

Bir sözlə, gedişat onu göstərir ki, yeni tarixi “güclü liderlər” yazacaq.

 





22.03.2025    çap et  çap et