Vaxt.Az

Müəllimlik ticarət olub


 

Bütün təhsil prosesi bir nöqtəyə – bal toplamağa fokuslanıb

Müəllimlik ticarət olub Azərbaycanda universiteti bitirib diplom alanların böyük əksəriyyəti özlərini mütəxəssis sayır. Amma diplom sadəcə hüquqi sənəddir – sənə peşə fəaliyyəti ilə məşğul olmağa icazə verir. Peşəkar olmaq isə tamam fərqli bir anlayışdır. Peşəkarlıq sistemli düşüncə, biliklərin praktiki tətbiqi, davamlı özünüinkişaf və tədqiqat təcrübəsi tələb edir. Təəssüf ki, bizdə bu anlayışın mahiyyətinə varmayan, yalnız “əzbərləyib bal toplayan” bir nəsil formalaşıb.

Müəllimlik adına yalnız Dövlət İmtahan Mərkəzinin (DİM) testlərini əzbərləyib uşaqları imtahana hazırlayanlar çıxır. Əlində konspektdən başqa heç nə olmayan, bir dəfə də elmi kitab, məqalə oxumayan, metodikanın nə olduğunu anlamayan insanlar “təlimçi”, “mütəxəssis” titulu ilə ortalıqda dolaşır. Kurikulumu əzbərləyib təlim keçmək, təlimin fəlsəfəsini bilmədən danışmaq artıq adi hal alıb. Özlərini müəllim hesab edənlər il ərzində bir dənə də olsun ixtisasla bağlı kitab oxumur, tədqiqat aparmır, dünya praktikasına nəzər salmır.

Statistikalar da acı həqiqəti göstərir: ölkədə əhalinin təxminən 17 faizi ali təhsillidir. Amma bu təbəqənin böyük bir hissəsi oxumur. Yalnız imtahan keçmək üçün öyrənir, oxuduğu yalnız test kitabları və konspektlərdir. Təhsil, öyrənmə prosesi imtahana endirilib. Bu sistemdə məktəbin, dərsin, müəllimin bir mənası qalmayıb. DİM-in imtahan mərkəzli yanaşması məktəbləri formal tədris məkanına, müəllimləri isə testlərin bələdçisinə çevirib. Bütün təhsil prosesi bir nöqtəyə – bal toplamağa fokuslanıb.

Müəllimlik ticarət sahəsinə çevrilib. Kim daha çox test öyrədirsə, daha çox uşaq hazırlayırsa, daha çox qazanırsa – “müəllim” odur. Amma bu, təhsilin mahiyyətinə qarşı çıxmaqdır. Repititor müəllim deyil. Müəllim təkcə bilik ötürən yox, şəxsiyyət formalaşdıran, düşüncə yönləndirən insandır. Kommersiya xidmətini təhsilin adı ilə təqdim etmək bu peşənin nüfuzuna zərbədir.

Ölkədə təhsil sistemi “əzbərlə – imtahan ver – diplom al” dövrünə girib. Tədqiqat, oxu, düşüncə, analiz, metodoloji yanaşma yox dərəcəsindədir. Və sonra soruşuruq ki, niyə təhsilimiz zəifdir? Əslində cavab elə ortadadır: çünki oxumuruq. Çünki diplom alıb dayanırıq. Çünki imtahandan sonra kitabı bir də əlimizə almırıq. Və bu sistem davam etdikcə, biz peşəkar yox, diplomlu adamlar ölkəsi olaraq qalacağıq.

 





22.03.2025    çap et  çap et