Oskar Piastri heç nə etmədi, sadəcə maşının ona verdiyi imkanlardan tamam yararlandı. Dünən qazandığı ilk pouldan normal tərpəndi, ilk döngədə öz yerini qorudu, hələ üstəlik, komanda yoldaşına da irəliləməyə şərait yaratdı. Nəticədə finişdə mövsümdə ilk, karyerasında isə 3-cü qələbəsini bayram etdi. Düşünürəm ki, builki mövsümün bütün yarışları elə “McLaren” sürücülərinin sıralanma turunda mübarizəsi ilə keçəcək, sanki Prost-Senna dövrünə qayıdırıq...
Lando Norris ilk döngədə komanda yoldaşının yaratdığı vəziyyətdən gözəl istifadə edərək ikinciliyə yüksəldi. Zatən bunu startda etməsə idi belə, ikinci yer onun alnına (oxu maşınına) yazılmışdı. Bu gün onun maksimumu elə bu yer idi və yekunda baş verən problemlərə baxmayaraq, Lando komandasına tarixin 60-ci qələbə dublunu qazandırdı.
Corc Rassell ardıcıl ikinci yarışını 3-cü yerdə başa vurdu və bu podium onun komandasının tarixdə 300-cü podiumu oldu. Əslində, Corc da kosmik bir iş görmədi – pitdən sonra yalnız bir dövrə ikinci ola bildi, daha sonra isə finişə yaxın sürətlənmişdi, amma bir dövrə çatmadı. Bu gün üçün Corc da maksimumunu etdi.
Yarışa rəng qatan isə “Ferrari” sürücüləri oldular. Startda hər ikisi irəlilədilər, sonra bir-biri ilə mübarizədə qanad sındırdılar, sonra komanda əmri ilə biri digərini keçdi, sonra komanda digərini boksa çağırdı, amma yekunda elə start aldıqları yerdə də yarışı başa vurdular, düzdür, yerlərini dəyişərək. Amma bu fəallığın heç bir xeyri olmadı, komanda sürətinə görə öndəki 3 komandaya uduzurdu.
Əlbəttə, Haas komandasını xüsusi qeyd etmək lazımdır. Deyəsən, komanda düzgün istiqamətdə irəliləyir, hər iki sürücü maşına öyrəşir və qarşıda biz onları ilk onluqda hələ çox görəcəyik.
İki yarışdan sonra Lando Norrisin və “McLaren”in çempionatda liderliyi davam edir və iki həftədən sonra Suzukada mübarizə canlanacaq...