Vaxt.Az

Qüsursuz “McLaren”


 

Maks Ferstappen dişi və dırnağı ilə “Ferrari”ni reytinqini cızdı

Qüsursuz “McLaren” Ortalamadan aşağı bir yarış oldu. Əksər pilotlar elə bil yarış barədə bunu düşünürdülər – bitsəydi, gedərdik.

Oskar Piastri yarış ərzində hər şeyə yaxşı nəzarət etdi və 2024-cü il Azərbaycan yarışından sonra ilk qələbəsini qazandı. Heç bir sürprizin yaşanmasına imkan vermədi. Lando Norris isə yaxşı startla ikinciliyi aldı. Startda ləngisə belə yəqin ki, yenə hamını keçib, ikinci olardı. Sonlarda əyləc problemi yaşadı, amma bəxti gətirdi ki, heç kim ona çatmadı. “McLaren” qüsursuz yarış keçirdi.

Corc Rassell ardıcıl ikinci podiumunu qazandı. Özü də iki fərqli tip trasda. Yenə deyirəm, “Mercedes” qışda səssiz-sədasız işləyib və yaxşı maşın hazırlayıb. “Mercedes”in mövsüm ərzində inkişafı pis olmur. Belə davam etsələr, Rassell səssiz-sədasız çempionluq uğrunda mübarizəyə qoşula bilər.

Maks Ferstappen dişi və dırnağı ilə yenə də iki “Ferrari”ni geridə qoydu. “Red Bull” doğrudan da çox pis vəziyyətdədir. Ümid edirəm Avropa üçün nəsə düşünüblər.

“Ferrari” isə qış ərzində ən çox danışan, ən çox şou göstərən komanda idi. Hətta küçələrdəki şou yürüşlərinə əsas pilotları göndərdilər. Belə görünür ki, ancaq belə şou üçün işləyiblər. Komanda körpüsü bərbad, təkər qənaəti bərbad. Maşında aqressivlik yoxdur. Kiminsə hava kisəsinə girib keçə bilmirlər.

Orta qrupdan Haas iki sürücü ilə xal aldı. Orta qrupda sıx mübarizəni düşünsək, əla nəticədir. Albon yenə də təkər hesabına Uilliyamsa xal qazandırdı.

“Aston Martin”ə gəldikdə bilirdim bu il zəif olacaqlar, amma bunlar zəif deyil, pisin pisidir. Avstraliyada işlər qarışmasa, xal qazana bilməzdilər.

Kimi Antonelliyə isə ikinci Senna dedilər, amma bu Ayrton Senna yox, Bruno Senna çıxdı.

***

“Ferrari” komandasının iki pilotu və Pyer Qasli Çin Qran Prisindən diskvalifikasiya olundular. Leklerdə maşının çəkisi az gəlib, Lyuis Həmiltonda isə altlıq həddən artıq yeyilib.

Bununla da “Ferrari” üçün yuxu kimi başlayan həftəsonu kabus kimi bitdi. Amma “Ferrari” fanatları heç məyus olmasınlar, çünki Lyuis Həmilton kostyum geyinib “F 40”la şəkil çəkdirmişdi.

Bununla da “Mercedes” daha 4 xal topladı. Antonelli belə-belə havayı xallar yığır. Ləns Stroll 9-cu, Karlos Sayns isə 10-cu olaraq, Uillyams-la ilk xalını qazanır.

Ləns Stroll Alonso ilə mübarizədə iki yarışdan sonra 12-0 öndədir. Fernando sizcə indi nələr yaşayır?

 





23.03.2025    çap et  çap et