Lakin diqqətçəkən məqam budur ki, bu müzakirələr Azərbaycanın maraqları nəzərə alınmadan və Bakıya məlumat verilmədən aparılıb. Halbuki regionun əsas aktoru və Türkiyənin strateji müttəfiqi kimi Azərbaycanın bu məsələdə rəsmi mövqeyi və maraqları ən ön sırada olmalı idi. Ancaq Türkiyə tərəfi məsələyə rəsmi şərh verməkdən yayınır, prosesin Ermənistan tərəfindən yönləndirildiyi görüntüsü yaranır.
Türkiyənin qərarını kimlər yönləndirir?
Bu yaxınlaşma təkcə Ankara və İrəvan arasında baş verən adi diplomatik proses deyil. ABŞ və Avropa İttifaqının, eləcə də erməni lobbisinin təsiri ilə Türkiyədə müəyyən siyasi dairələr Ermənistanla münasibətləri normallaşdırmaq üçün tələsik addımlar atırlar. Əvvəllər bu prosesi Bayden administrasiyası dəstəkləyirdi, lakin Baydenin siyasi çəkisinin azalmasına baxmayaraq, Türkiyə daxilində bəzi dairələrin bu siyasəti davam etdirdiyini görürük.
Ərdoğan-Paşinyan görüşü, türkiyəli jurnalistlərin Ermənistana səfəri, Ankaranın susqunluğu və “Marqara” sərhəd məntəqəsinin açılması – hamısı eyni planın hissələridir. Bununla Türkiyəni Ermənistanı tanımağa və münasibətləri tələm-tələsik qaydaya salmağa məcbur edirlər.
Bu prosesdə Azərbaycan üçün ciddi təhlükələr var:
1. Ermənistanın Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları qalır – bu, Ankara-İrəvan yaxınlaşmasını şübhə altına alır.
2. Ermənistan rəsmi olaraq “erməni soyqırımı” iddiasından imtina etməyib – belə olduğu halda Türkiyə hansı əsasla Ermənistanla sərhədi açmağa razı olur?
3. Zəngəzur dəhlizinin açılması unudulur – əvvəllər Türkiyə rəsmiləri Zəngəzur dəhlizi açılmadan Ermənistanla sərhədin açılmayacağını bildirsələr də, bu prinsip artıq pozulub.
Azərbaycan bu gün Ermənistandan təkcə Qarabağa dair deyil, həm də Türkiyəyə qarşı iddialardan imtina etməyi tələb edir. Ermənistanın anti-Türkiyə və anti-Azərbaycan siyasəti davam edərkən, bu cür yaxınlaşma məntiqsiz və təhlükəlidir.
Türk dünyasının inteqrasiyası və Ankaranın mövqeyi
Azərbaycan və Türkiyə daim “Bir millət, iki dövlət” prinsipinə əsaslanıb. Lakin son hadisələr Türkiyənin Türk dünyasının birləşməsi istiqamətində yetərli siyasi iradə göstərmədiyini sübut edir. Ankara Ermənistanla münasibətləri tələsik qaydaya salmağa çalışmaq əvəzinə Türk Dövlətləri Təşkilatını gücləndirmək, regional əməkdaşlığı genişləndirmək və Zəngəzur dəhlizinin açılmasını təmin etmək üçün çalışmalıdır.
Türkiyə unutmamalıdır ki, Ermənistan heç vaxt etibarlı qonşu olmayıb. Ermənistanla münasibətləri yaxşılaşdırmaq üçün tələskənlik göstərmək, Türkiyə və Azərbaycanın strateji maraqlarını risk altına qoymaq deməkdir. Azərbaycan xalqı və dövlətçiliyi üçün bu cür addımlar qəbuledilməzdir. Ankara qərar verərkən bu həqiqətləri nəzərə almalıdır.